AMEA-da illik hesabat iclası keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin 2017-ci il üçün hesabat iclası keçirilib. SİA-nın xəbərinə görə, AMEA-nın Əsas binasının kiçik akt zalında keçirilən tədbir AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib.

İdarənin rəis müavini, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Rzayeva AMEA-nın 40-dan artıq institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyət göstərməsini elmin informasiya təminatının gücləndirilməsi, elmi-populyar jurnalistikanın inkişaf etdirilməsində mühüm amil olduğunu söyləyib. Akademiyada müvafiq elm sahələri üzrə böyük bir elmi jurnalist ordusunun formalaşdığını qeyd edən Ü.Rzayeva qələm sahiblərinin Azərbaycan elminin populyarlaşdırılması və təbliğində, dünya elmi ictimaiyyətinə çatdırılmasında aparıcı rol oynadıqlarını bildirib. Hər bir institut və təşkilatın informasiya siyasətinin həyata keçirilməsində bilavasitə iştirak edən bu şöbələrdə görülən işlər haqqında illik hesabatların verilməsinin şöbənin fəaliyyətinin daha da gücləndirilməsi, bilik və təcrübə mübadiləsinin aparılması və s. baxımdan əhəmiyyətini qeyd edib.
Sonra AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri çıxış edərək hesabat ili ərzində görülən işlər haqqında geniş təqdimatla çıxış ediblər. AMEA Riyaziyyat və Mexanika İnstitutundan fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərova, Neft-Kimya Prosesləri İnstitutundan texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev, Folklor İnstitutundan filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu, İqtisadiyyat İnstitutundan iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov, Genetik Ehtiyatlar İnstitutundan biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov, İnformasiya Texnologiyaları İnstitutundan Rasim Mahmudov, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Vüsalə Rafiqqızı, Arxeologiya və Etnoqrafiya İnstitutundan Pərviz Qasımov şöbənin əsas fəaliyyət istiqamətləri, mətbu orqan və internet-mediada işıq üzü görən xəbərlərin satistik göstəriciləri, institutun veb-saytının idarə edilməsi və informasiya təminatı, sayta edilən müraciətlərin dinamikası, elmi müəssisənin təbliğinin sosial mediada aparılması sahəsində görülən işlər haqda məlumat veriblər.

Tədbirdə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb. İdarə ilə ictimaiyyətlə əlaqələr şöbələri arasında əlaqələrin, təşkilati işlərin yüksək səviyyədə qurulması üçün elmi bölmələr üzrə bir məsul şəxsin təyin olunması məsələsinə baxılıb, müvafiq qərarlar verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...