Qərbi Kaspi Universitetinin tələbə-eksperti Saakaşvilinin ekstradisiyasını izləyib

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin Ukrayna üzrə eksperti Ağa Zeynalov dünən gecə Kiyev hava limanında Gürcüstanın eks-prezidenti və Odessanın keçmiş meri Mixail Saakaşvilinin Polşaya ekstradisiya prosesini izləyib. A.Zeynalov gördükləri barədə SİA-ya açıqlmasında bunları deyib: “Borispol hava limanında gərginlik var, təyyarə reysi gecikir deyə aləm dəyib bir-birinə. Mixail Saakaşvilini tərəfdarları, o cümlədən müxalifətin tanınmış simaları hava limanına gəliblər , ekstradisiyaya mane olmaq istəyirlər. Saakaşvili tərəfdarları Ukrayna Milli Təhlükəsizlik Nazirliyinin maşınını aşırıblar, vəziyyət hər keçən saat gərginləşir”.

M.Saakaşvilinin Polşaya ekstradisiya olunmasını isə Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə belə şərh edib: “Mixail Saakaşvili güclü siyasətçidir, əsl mübarizdir, başı ilə divarı yarmağa hazırdır. Ancaq bütün bunlar da bir yerə qədər. Ukrayna hakimiyyəti onu məcburi Polşaya deportasiya etdikdən sonra sərhəddi elə qapadacaq ki, keçmiş səhvini təkrarlamasın və Gürcüstanın keçmiş prezidenti bir daha Ukraynaya ayaq basa bilməsin. Əlbəttə, Saakaşvili yenə cəhd edəcək, ancaq çətin olacaq. Gürcüstan və Ukrayna Saakaşvilinin üzünə xeyli müddət qapalı olacaq.

Demək Saakaşvilinin siyasi karyerası da yaxın illər üçün eniş dövrünü yaşayacaq. Gərək Gürcüstanda və Ukraynada onun tərəfdarları qələbə çalsın ki, o ya Tiflisə, ya da Kiyevə qayıda bilsin. Bunun da perspektivi hələ ki, qaranlıqdır. Qərbə və Polşaya siyasətçi Saakaşvili lazım deyil, uzaqbaşı Qərbin məşhur universitetlərindən birində dərs deyə bilər. Doğrusu onsuz maraqsız olacaq. Ancaq Tiflis və Kiyevə belə “maraqlı” siyasətçi lazım deyil, heç Qərbə də lazım deyilmiş, yoxsa əlləri qandallı Polşaya deportasiya belə asanlıqla baş tutmazdı”.

Bütün xəbərlər Facebook səhifəmizdə