Azərbaycan tarixinin milli qürur günü - 20 Yanvar

“Azərenerji” ASC-də “Ümumxalq Hüzn Günü” ilə əlaqədar “20 Yanvar - Azərbaycan tarixinin milli qürur günüdür” mövzusunda anım tədbiri keçirilib. ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlcə Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edənlər 1990-cı ilin yanvarında sovet imperiyasının Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən danışıblar. Həmçinin bu hadisənin Azərbaycan tarixindəki yeri və rolundan danışıb, milli nöqteyi-nəzərdən əhəmiyyətindən söz açıblar.

Qeyd olunub ki, Azərbaycan tarixinə 20 Yanvar - müstəqillik, suverenlik və ərazi bütövlüyünün rəmzi kimi həkk olunub. Bu hadisə qanla yazılsa da, şanlı tarix salnaməsidir. Xalqımız bu günü böyük minnətdarlıqla qeyd edərək gələcək nəsillərə ötürülməsini təmin edir.

Vurğulanıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilib, “20 Yanvar şəhidi” fəxri adı təsis edilib. Ümummilli Lider öz quruculuq siyasəti ilə şəhidlərimizin canlarını fəda etdikləri azadlıq və müstəqilik ideyalarını reallığa çevirib. Bununla, müqəddəs şəhidlərimizin adı əbədiləşdirildi və onların ailələri dövlətin qayğısı ilə əhatə olundu.

Hazırda Prezident İlham Əliyev tərəfindən dövlətçiliyimiz üçün mühüm əhəmiyyət kəsb edən bu ənənə davam etdirilir. Hər il 20 Yanvar faciəsi qurbanlarının xatirəsi dərin ehtiramla yad olunur və bu hadisə ilə bağlı xüsusi tədbirlər görülür.

Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlı qoşun birləşmələrinin Bakıya yeridilməsi nəticəsində 147 mülki vətəndaş öldürülüb, 744 insan yaralanıb. 28 il əvvəl xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.

O müdhiş gecədə energetiklərimiz üçün də ağır sınaq oldu. Onlar bu ərəfədə yüksək sayıqlıq göstəriblər. İstər həmin gecə, istərsə də sonrakı günlərdə ölkə energetikləri gərgin iş rejimində işləyərək, respublika enerji sistemində olan çətinliklərə baxmayaraq, bütün imkanlardan istifadə etməklə, həyati vacib obyektlərin dayanıqlı enerji təminatını həyata keçirə biliblər. Ən başlıcası isə, insanların həyatının qorunması baxımından strateji əhəmiyyət kəsb edən Bakı Metropoliteninin və tibb müəssisələrinin fasiləsiz elektrik enerjisi təminatı xüsusi diqqətdə saxlanılıb.

Milli Məclisin deputatı Aydın Mirzəzadə 20 Yanvar faciəsinin tarixindən, bu hadisənin müstəqilliyimizin bərpa olunmasındakı yerindən bəhs edib. Bunun əsas səbəbi kimi, o dövrdə Moskvada yaşayan görkəmli dövlət xadimi Heydər Əliyev elə həmin günün səhəri – yanvarın 21-də ailəsi ilə birlikdə Azərbaycanın bu şəhərdə yerləşən nümayəndəliyinə gələrək, dünya ictimaiyyətinə baş verən, insanlığa sığmayan qanlı hadisənin siyasi məqamlarını çatdırması və hüquqi qiymət verilməsi ilə bağlı bəyanatı oldu. Göründüyü kimi bu təlatümlü hadisə xarakter etibarilə faciə olsa da, şərəfli tariximizdir. Ona görə də 20 Yanvar – Azərbaycan tarixinin milli qürur günü kimi qeyd olunur. Şübhəsiz ki, Vətənimiz Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi daim yad ediləcək və qəlbimizdə əbədi yaşayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə