Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən reallaşıb.

AZƏRTAC xəbər verir ki, mərasim faciə qurbanlarının və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş kompozisiyalardan ibarət konsert proqramı ilə davam edib. Konsertdə Xalq Artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Anım mərasimində Qara Qarayevin “Matəm odası”, “Zamanın bayraqdarı”, Azər Rzayevin “Bakı 90”, Məmməd Quliyevin “Rekviyem” və Rauf Əliyevin “Azadlığa gedən yol” əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə