Xaçmazda "Yardım et" kampaniyası davam edir

YAP Xaçmaz rayon təşkilatı və Heydər Əliyev Mərkəzinin birgə təşəbbüsü ilə "Yardım et" kampaniyası davam edir. Kampaniya çərçivəsində 20 Yanvar faciəsinin 28-ci ildönümü ərəfəsində bir qrup şəhid ailələri və əlillərə maddi və mənəvi yardım göstərilib. 20 Yanvar tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan, bu yolda canlarını qurban verən, əlil olan insanların yanında olmaq, onlara maddi və mənəvi cəhətdən dayaq olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.

Şərəf və qəhrəmanlıq tariximizin və müstəqilliyimizin qazanılmasında iştirak edən belə insanlarla xalqımız qürur duyur. 1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda, xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. Məhz buna görə də, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Bu gün Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək və şəhidlik zirvəsinə ucalıblar. Ona görə də, bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Bu gün fiziki qüsuru olan şəxslərin cəmiyyətdən tədric olunmaması üçün hamılıqla çalışmalıyıq. Xeyirxah iş, xeyirxah əməl insanı mənən ucaldır və onu yaşadığı cəmiyyətin ən ləyaqətli üzvünə çevirir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə