Zaqatalanın Dağlı və Muğanlı kəndlərində 20 Yanvar şəhidləri anılıb

Məlum olduğu kimi Respublikamızın hər yerində, müstəqillik toxumu səpənlərin, 20 Yanvar şəhidlərinin anım mərasimləri keçirilir. Belə mərasimlərdən biri də Dağlı bələdiyyəsində keçirilib. Dağlı bələdiyyəsinin sədri Təranə Ömərova ilə söhbətimiz zamanı məlum oldu ki, kənddə 17 şəhid ailəsi yaşayır. Dağlı bələdiyyəsi Qarqay, Qalal kəndlərini də əhatə edir. Təranə xanım şəhid ailələrinə maddi yardım etməkdən əlavə onlara ehsan süfrəsi də təşkil edib.

Ehsan süfrəsi ətrafında, səmimi söhbət zamanı Təranə xanım şəhidlərimizin, Vətən fədailərinin qəhrəmanlığından geniş söhbət açaraq deyib: “Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub, 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.

Onlar azadlıq şahinləridir, öz canları bahasına xalqımıza azadlıq gətirdilər. Nə qədər ki, müstəqil Azərbaycan Respublikası var, şəhidlərimiz həmişə ən uca zirvədə olacaqlar. Bilirsiniz ki, dövlət başçısı İlham Əliyev müharibə veteranları, əlilləri və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərir. Bu qayğı hər yerdə olduğu kimi Zaqatala rayonunda da var. Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə həmişə şəhid ailələri, müharibə veteranlarını diqqət mərkəzində saxlayır.”

Muğanlı kəndində də “20 Yanvar” Şəhidləri anılıb. Muğanlı kənd icra nümayəndəsi Nazim Safquliyev və bələdiyyə sədri İlqar Ramazanov da kənd ərazisində yaşayan dörd şəhid ailəsinə maddi yardım edərək, onlarla görüş keçirdilər. Kənddə şəhidlərin xatirəsini əbədiləşdirmək üçün salınmış abidə kompleksinə tər çiçək qoyduqdan sonra, kənddə yaşayan şəhid ailələri ilə birgə çay süfrəsi ətrafında səmimi söhbət edən icra nümayəndəsi və bələdiyyə sədri, şəhidlərimizin qəhrəmanlığından və ölməzliyindən danışdılar.

Əlmaniz Ələkbərli, SİA-nın Şimal-Qərb Bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə