Talalar kənd Bələdiyyəsi və icra nümayəndəsi hesabat verib

Balakən rayon Talalar kənd icra nümayəndəsi və bələdiyyəsi hesabat verib. Tədbirdə Balakən RİH başçısının müavini Mehparə Əliyeva, Balakən rayon Kənd Təsərrüfatı idarəsinin baş məsləhətçisi Şadnus Mamedov, kənd ziyalıları və ictimaiyyəti də iştirak edib.

Talalar icra nümayəndəsi Məhəmməd Musayev və bələdiyyə sədri Nurlan Əhmədovun hesabat yığıncağında katibliyi icra nümayəndəsinin müavini Qurban Poladov edib. İlk çıxışı M.Musayev edərək, müstəqil Azərbaycan respublikasının iqtisadi inkişafından, sabitlikdən geniş danışıb.

Daha sonra ölkədə gedən inkişafın kənd təsərrüfatı rayonu olan, Balakən rayonuna da, təsiri olduğunu vurğulayan icra nümayəndəsi qeyd edib ki, ötən il Balakən rayonu kənd təsərrüfatı sahəsində 41 faiz artım olub. M.Musayev dövlət başçısı İlham Əliyev cənablarının rayona göstərdiyi diqqət və qayğıdan danışaraq, Yevlax- Balakən magistral avtomobil yolunun yenidən qurulması, rayonda yeni musiqi məktəbi və bir sıra obyektin tikintisi üçün vəsaitin ayrılmasını xüsusi vurğulayıb. M.Musayev Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin diqqət və qayğısını hər addımda hiss etdiklərini deyərək, hər hansı bir problemi dərhal həll etdiyi üçün rayon rəhbərinə də, xüsusi minnətdarlığını bildirib.

Daha sonra Talalar bələdiyyəsinin sədri Nurlan Əhmədov hesabat verib: Bələdiyyəmiz 2017-ci il ərzində kənd əhalisinin sosial-iqtisadi problemlərinin həll edilməsi üçün müəyyən işlər görmüş, əhalinin problemləri ilə yaxından tanış olub, mümkün qədər həmin problemlərin həll edilməsinə çalışıb və müəyyən qədər buna nail olub.

Belə ki, ötən dövr ərzində bələdiyyə öz büdcəsinin formalaşdırılması üçün sənədləşmə işləri aparmış, yerli vergilərin hesablanması üçün yeni yaradılmış BAMS proqramına kənd sakinlərinin həyətyanı, pay torpaqlarının və əmlaklarının vergilərinin hesablanması məqsədilə sistemə köçürülərək tədiyyə bildirişlərinin paylanılmasını təmin etmişdir.

Yerli əhəmiyyətli yolların saxlanılması və su kanallarının təmizlənməsi, bərpası istiqamətində də, bələdiyyəmiz tərəfindən xeyli iş görülmüşdür.

Belə ki, 0.4 km məsafədə yollara qum-çınqıl tökülərək təmir edilmiş, 600 metr kanal təmizlənmiş. Əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə su xəttində təmir bərpa işləri aparılmışdır.

2017-ci ildə əhalini narahat edən problemlərin həlli üçün uzunluğu 10 km olan yol lahiyəsi həyata keçirilmişdir. Kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması üçün 6 km yeni su xətti çəkilmiş və həmin xəttin başlanğıc artezianının kənarları abadlaşdırılaraq yeni 25 tonluq su çəni yerləşdirilmişdir.

Bildiyimiz kimi ötən il kənd təsərrüfatının inkişafında bələdiyyəmiz tərəfindən müəyyən addımlar atılmışdır.

Belə ki, tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi üçün əhali arasında maarifləndirmə işləri aparılmışdır. Bələdiyyə tərəfindən 2017-ci il 22 ha tütün əkilmiş, 120 t məhsul təhvil verilmişdir. Cənab Prezidentin göstərişinə əsasən fındıqçılığın inkişaf etdirilməsi üçün bələdiyyə tərəfindən 18 ha sahədə fındıq salınmışdır. Baramaçılığın inkişafı üçün ümumillikdə 9000 ədəd Çin xalq Respublikasından gətirilmiş tut tingi 1.0 ha sahəyə əkilərək aqrotexnik qulluq edilir.

Ötən il ərzində bələdiyyəmiz tərəfindən, sosial vəziyyəti ağır olanlar da unudulmamışdır. Belə ki, bayramlarda şəhid ailələri, kimsəsizlərə, dəfn mərasimlərinə imkan daxilində ərzaq və digər yardımlar edilmişdir.

Hesabat dövrü ərzində Talalar bələdiyyəsi özünün 15 iclasını keçirmiş, iclasda 52 qaldırılmış məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul etmişdir.

Bələdiyyəyə daxil olmuş ərizə və məktublar mövcud qanunlara və normativ hüquqi aktlara müvafiq həll edilmiş və aidiyyatı üzrə cavab verilmişdir.

Bundan başqa bələdiyyəmiz əhalinin şifahi müraciətlərini də qəbul etmiş, həmin müraciətlərin mümkün qədər tam araşdırılmasını və ehtiyac olduqda icra nümayəndəliyi və aidiyyatı üzrə icra hakimiyyəti orqanları ilə birlikdə yerində həll edilməsini təmin etmişdir.

Daha sonra, hesabat yığıncağında Balakən rayon kənd təsərrüfatı idarəsinin baş məsləhətçisi Şadnus Mamedov çıxış edərək, əhalini əlli faiz güzəştli kreditlə verilən iri buynuzlu mal-qara, tütünçülüyə və baramaçılığa xüsusi diqqət yetirməyə və bundan maksimum istifadə etməyə dəvət etdi.

Daha sonra Hacıyev Tofiq və Nemət Abdullayev çıxış edərək, icra nümayəndəsi və bələdiyyənin hesabatını qənaətbəxş hesab etdiklərini bildirdilər.

Bundan əlavə, kənd sakinləri bir sıra kənd daxili problemləri qaldıraraq, yüksək gərginlik xətləri gedən bəzi dirəklərin dəyişdirilməli olduğunu qeyd etdilər.

Əlmaniz Ələkbərli, AJB və AYB-nin üzvü

SİA-nın Şimal-Qərb bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə