Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatında 20 Yanvar faciəsinin şəhidlərinə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədri Azad Balayev 20 Yanvar faciəsinin tarixindən, həmin dövrdə Azərbaycan xalqının milli azadlıq ideyaları uğrunda apardığı mübarizə tarixindən danışıb.

Sonra rayon təşkilatının şura üzvü Aqil Bağırov "20 Yanvar xalqımızın qan yaddaşıdır" mövzusunda məruzə ilə çıxış edib. Tədbir iştirakçılarına 20 yanvar hadisələri haqqında ətraflı məlumat verərək, həmin illərdə baş verən olaylara diqqət çəkib. Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəni vurğulayan A.Bağırov qeyd edib ki, 1990-cı il hadisəsi nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli qürurunu və əzmini qıra bilmədi: "Bu qanlı hadisədən, illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır və faciəni törədənlərə dərin nifrətini bildirir. 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd olunsa da, xalqımız şəhidlik zirvəsinə baxaraq, başını dik tutmalıdır. Çünki Vətən və millət şəhidləri ilə ucalır".

Tədbirdə çıxış edən rayon Təhsil Şöbəsinin məsləhətçisi Cavanşir Alqayev rayonun orta ümumtəhsil məktəblərində 20 Yanvar faciəsi ilə bağlı tədbirlərin keçirildiyini və gənc nəslin bu faciənin yaddaşından silinməyəcəyini bildirib. Onların daim vətənpərvərlik rudhunda təbiyə olunmasından söz açıb.

20 Yanvar faciəsinin şahidi olmuş Rəhim Tağıyev, şəhər 2 saylı Körpələr Evi Uşaq Bağçasının müdiri, YAP Balakən rayon təşkilatı qadınlar şurasının sədr əvəzi Züleyxa Dibirova, Nizami adına şəhər 1 saylı məktəbin müəllimi Elvin Əliyev, rayon Gənclər Evinin direktoru Tale Şahverdiyev çıxışlarında milli azadlıq yolunda canlarından keçmiş vətən övladlarının xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdıqlarını vurğulayıblar.

Tədbirin sonunda Roçəhməd kənd orta məktəbinin müəlliməsi 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş şeirlərini oxuyub.

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə