Şəhidlər xalqımızın qan yaddaşında əbədi yaşayacaq

"Neftqazelmitədqiqatlayihə" İnstitutunun kollektivi 20 Yanvar faciəsinin qurbanlarını andı

SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı "Neftqazelmitədqiqatlayihə" İnstitutu ərazi ilk partiya təşkilatının sədri, institutun şöbə rəisi Xıdır İbrahimov bildirdi ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Cox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O mudhiş gecədə Azərbaycan xalqı sınağa cəkildi. Oğul və qızlarımız müstəqillik, azadlıq uğrunda şəhidlik zirvəsinə ucaldılar.

X.İbrahimov diqqətə çatdırdı ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib. Sənədə əsasən, respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələr təşkil olunur, 20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd edilir.

X.İbrahimov bildirdi ki, 20 Yanvar faciəsini nə qədər böyük ağrı hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk.

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 20 Yanvar faciəsinin şahidi kimi o günlərdə baş verən prosesləri diqqətə çatdırdı. Sovet hakimiyyətinin Azərbaycan haqqında qaranlıq düşüncələrini bölüşən T.Əhmədov faciənin yaranma səbəbləri və Qanlı Yanvarda törədilən dəhşətlər haqqında ətraflı məlumat verdi. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan YAP Yasamal rayon təşkilatının sədri ümummilli lider Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırdı: “Bakı şəhərinin ən hündür hissəsində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm "Əbədi məşəl" abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü

ilə tikilib. Ölkə Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar şəhidi" fəxri adı verilib və onların ailələrinə dövlət tərəfindən lazımi diqqət göstərilir."

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qan yaddaşımız olan 20 Yanvar faciəsinin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirilən məkrli siyasətin əsas tərkib hissələrindən biri olduğunu bildirdi. İllər ötdükcə baş verən hadisənin mahiyyətinin daha aydın şəkildə nəzərə çarpdığını söyləyən V.Rəhimzadə bildirdi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı: "Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, azadlığa, müstəqilliyə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi."

V.Rəhimzadə diqqətə çatdırdı ki, hadisələrin səhəri günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya hərbi müdaxiləni respublikanın suverenliyinə qarşı terror kimi qiymətləndirən ümummilli lider Heydər Əliyev belə ağır məqamda xalqla birlikdə olduğunu bəyan etdi, qanlı faciəni pislədi, günahsız adamların axıdılan qanlarını insanlığa qarşı törədilmiş xəyanət adlandırdı: "Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra verildi. Belə ki, ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı Fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-huquqi qiymət verilməsi tövsiyə olunmuşdu. Milli Məclis həmin ilin martın 29-da 20 Yanvar faciəsi ilə bağlı qərar qəbul etmişdir. Bundan sonra hər il 20 Yanvar hadisələri ilə bağlı həm ölkə daxilində, həm də dünyanın müxtəlif ölkələrində səfirliklərimiz, diaspor təşkilatlarımız tədbirlər keçirir, 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri dünyaya çatdırırlar."

V.Rəhimzadə vurğuladı ki, 20 Yanvar şəhidləri Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlə bugünkü gənclərimizə örnəkdirlər və xalqımız əmindir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində torpaqlarımız erməni silahlılarının işğalından azad ediləcək, şəhidlərimizin uğrunda qurban getdikləri Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq.

İnstitutun əməkdaşları Əbdülağa Qurbanov və Elnur Hacıyev çıxış edərək bildirdilər ki, 20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi- siyasi qiymət vermək yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Vurğulandı ki, imperiya qüvvələri tərəfindən həyata keçirilmiş 20 Yanvar qırğını Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar şəhidləri ölməzdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...