Vüsal Qasımlı BP-nin müşavirləri ilə görüşüb

Böyük Britaniya hökumətinin Azərbaycanda energetika layihələrinə dəstəyi bundan sonra da davam edəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildiriblər ki, qurumun icraçı direktoru Vüsal Qasımlı BP-nin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

V.Qasımlı BP Qrupun siyasi və iqtisadi məsələlər üzrə müşavirləri Maykl Denison və Julian Bovden, eləcə də BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu hökumətlə əlaqələr üzrə müşaviri Günəş Əliyeva ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir səmərəli əməkdaşlıq davam edir. Bu illər ərzində ölkəmizdə irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP fəal tərəfdaş kimi çıxış edib.

Vüsal Qasımlı ötən il ərzində energetika sahəsində yaddaqalan hadisələrin baş verdiyini deyib. Qeyd edib ki, "Azəri-Çıraq-Günəşli" yataqları üzrə kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb, eyni zamanda, Cənub Qaz Dəhlizinin uğurlu icrası təmin edilib. İcraçı direktor əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz, bölgə və dünya üçün önəmli hadisə olub.

BP Qrupun siyasi məsələlər üzrə müşaviri Maykl Denison isə Azərbaycanda aparılan proqressiv inkişafdan məmnunluğunu ifadə edib. O, BP şirkəti ilə Azərbaycan arasında uğurlu əməkdaşlığı və ölkəmizin enerji təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi siyasəti yüksək qiymətləndirərək, Böyük Britaniya hökumətinin energetika layihələrinə dəstəyinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Görüşdə tərəflər arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə