Unudulmaz qəhrəmanlıq salnaməsi - 20 Yanvar

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirib. SİA-nın xəbərinə görə, N.Nərimanov adına 35 saylı musiqi məktəbində keçirilən tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə törədilmiş dəhşətli hadisələr Azərbaycanda baş qaldıran azadlıq hərəkatına qarşı yönəlmiş amansız bir aksiya idi.

O, 1990-cı ilin Qanlı Yanvarında Azərbaycan xalqına qarşı misli görünməmiş vəhşilik törədildiyini bildirib, bu faciənin səbəbləri, tarixi kökləri barədə danışıb.

M.İbrahimova deyib ki, 20 Yanvar tariximizin unudulmaz qəhrəmanlıq salnaməsidir: “Həmin gün Azərbaycan xalqı özünün yenilməzliyini, müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya sübut etdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, dünyaşöhrətli siyasətçi Heydər Əliyev Özünün və ailə üzvlərinin həyatı üçün təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi”. Ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, dövlətçilik məharəti, cəsarətli addımları sayəsində Azərbaycanda sabitlik bərqərar oldu, Ermənistanla müharibədə atəşkəsə nail olundu, xalqımızın inamı özünə qaytarıldı, Azərbaycan müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabit və rəvan yola qədəm qoydu. 20 Yanvar faciəsində insanlar müstəqilliyimiz uğrunda şəhid oldular və bu gün müstəqil ölkəmiz sürətlə inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır. Ona görə də, şəhidlərimizin ruhu rahatdır”.

Tədbirdə digər çıxış edənlər də 20 Yanvar faciəsi haqında fikirlərini bildirib və qeyd ediblər ki, bu faciə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Sonra məktəblilər 20 Yanvar facəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə