Səbaildə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb FOTO

20 Yanvar faciəsindən artıq iyirmi səkkiz il ötür. Xalqımızın qan yaddaşına yazırmış bu tarixi faciə ölkəmizin hər yerində olduğu kimi paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində geniş qeyd olunur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında” sərəncamına əsasən Səbail Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq tədbirlər hazırlanıb və bu plana uyğun olaraq rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər keçirilir, rayondakı muzey və sərgi salonlarında müxtəlif sərgilər təşkil olunur. Orta və ali təhsil müəssisələrinin şagird və tələbələrin “Şəhidlər Xiyabanı”na ziyarəti təşkil olunur. Yanvar ayının 19-da rayondakı bütün təhsil müəssisələrində keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr ediləcək.

Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hər il olduğu kimi rayon rəhbərliyi, respublika “20 Yanvar cəmiyyəti”, Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi və rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Səbail RİH-dən SİA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd edib ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunub: “Keçmiş Sovet ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olublar. Ümummilli Lider Heydər Əliyev hər zaman 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələri, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət tərəfindən hər cür diqqət və qayğı ilə əhatə olunublar”.

Eldar Ağayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğının hər zaman diqqət mərkəzində olduğu, onlara verilən təqaüd və müavinətlərin artırıldığı və bu artımın gələcəkdə də davam olunacağı qeyd edib.

Görüşdə şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə maraqlanıb, bir çox sualların həlli ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib.

Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilib və ərzaq bağlamaları təqdim olunub.

Tədbirdə qeyd olunub ki, yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçəri şəhərdəki “Cümə məscidi”ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə