Qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax Rayon Təşkilatı 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Yevlax şəhər Mədəniyyət mərkəzi ilə birlikdə tədbir keçirib. Təşkilatdan SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Qanlı Yanvardan bəhs edən film nümayiş olunub.

Qanlı 20 Yanvar faciəsindən bizi 28 illik bir zaman ayırır. Amma üstündən illər keçsə belə xalqın milli oyanış tarixinin ən qanlı, həm də olduqca şanlı bir səhifəsi olan bu faciə unudulan deyil. Hər il respublikamızda 20 Yanvarın Ümumxalq hüzn günü qeyd edilməsi bunun bariz nümunəsidir.

Tədbiri giriş sözü ilə açan Yevlax şəhər Mədəniyyət mərkəzinin direktoru Eldəniz Mustafayev hadisə haqqında ətraflı məlumat verib. Sonra Bərdə regional Mədəniyyət və Turizm idarəsinin nümayəndəsi Rafiq Məmmədov geniş məruzə ilə çıxış edib.

Çıxış edənlər bildirdilər ki, 20 Yanvar Azərbaycan Xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, qəhrəmanlıq günü kimi daxil oldu.

Azərbaycan Xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək hətta şəhid vermək əzmini bu gecə bütün dünyaya nümayiş etdirdi.

Sonra YAP Yevlax rayon təşkilatı İdarə heyətinin üzvü Rafiq Əliyev çıxış edərək bildirib ki, tariximizi təbliğ etmək onu gələcək nəsillərə ötürmək bizim şərəf borcumuzdur. O, bu faciəyə siyasi-hüquqi qiymət verilməsi kimi böyük missiyanı yerinə yetirmək üçün sözün həqiqi mənasında bir qəhrəmanlıq nümunəsi yaratmış Ümummilli lider Heydər Əliyevin fəaliyyəti barədə ətraflı məlumat verib, O bildirib ki, bu cür tədbirlərin keçirilməsi yeni nəslin milli ruhda tərbiyə olunmasında rolu böyükdür.

Sonra 20 yanvar faciəsinin iştirakçısı Cahid Nəbiyev və Fəridə Həsənova baş vermiş qətliam haqqında gördükləri hadisələri olduğu kimi diqqətə çatdırıblar. Onlar da öz növbələrində 20 Yanvar faciəsini Azərbaycan xalqına qarşı törədilən böyük bir cinayət kimi dəyərləndiriblər. O gecədə qətlə yetirilənlərin əksəriyyəti gənclər idi. Onları Azadlıq meydanına öz ölkələrini müstəqil və azad görmək arzuları gətirmişdi.

Tədbirdə iştirak edən 170 nəfərə YAP Yevlax Rayon Təşkilatı tərəfindən hazırlanmış 20 yanvar faciəsini əks etdirən bukletlər paylandı.

Bütün xəbərlər Facebook səhifəmizdə