Ombudsman Aparatı ilə MEK arasında memorandum imzalanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) bu qurumun və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin (Ombudsman) birgə təşkilatçılığı ilə “İnformasiya təminatı sahəsində davamlı əməkdaşlığın qurulması” mövzusunda tədbir keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanası Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi​​​ndən SİA-ya verilən məlumata görə, tədbirdə AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Ombudsmanın ölkəmizdə hüquqi maarifləndirmə istiqamətində gördüyü işlər barədə məlumat verib.

Sonra MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Ombudsmanın elektron nəşrlərdən ibarət kolleksiyasını kitabxanaya təqdim etməsini yüksək dəyərləndirib. Müxtəlif qurumlara məxsus kolleksiyaların elektron formatda kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilməsi prosesinin 2018-ci ildə də davam etdirildiyini söyləyən L.İmanova MEK-in 2017-ci ildə əldə etdiyi mühüm nəticələri diqqətə çatdırıb.

Daha sonra MEK-in əməkdaşı Xəyalə Kərimova Ombudsman, professor Elmira Süleymanovanın həyat və fəaliyyətindən danışıb, onun müəllifi olduğu nəşrləri təqdim edib.

Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, professor Nadir İsmayılov MRY layihəsinin informasiyanın qorunması və istifadəsi baxımından önəmini vurğulayıb.

Tədbirdə prof. Elmira Süleymanova Azərbaycanda insan hüquq və azadlıqları istiqamətində görülən işlərdən, ümummilli lider Heydər Əliyevin təhsil və kitabxanaya verdiyi dəyərdən danışıb. MEK-də sənədlərin toplanılmasının, qorunub saxlanılmasının əhəmiyyətini qeyd edib. Gənclərin elmə, təhsilə diqqət ayırmalarının vacibliyini vurğulayan E.Suleymanova bu işdə kitabxanaların əvəzsiz rolunu diqqətə çatdırıb. O, rəhbərlik etdiyi qurumun elektron nəşrlərinin MEK-ə təqdim olumasını informasiya siyasəti baxımından düzgün seçim adlandırıb.

Sonda Ombudsman Aparatının elektron nəşrlərindən ibarət kolleksiyası MEK-ə təqdim edilib. Bildirilib ki, bu qurumun hazırladığı nəşrlərin elektron versiyası MEK-in MRY bazasına daxil ediləcək, elektron kataloqda qeydə alınacaq.

Daha sonra iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sonda E.Süleymanovaya MRY bazası daxil olmaqla kitabxana fondlarının müxtəlif dillərdə hüquqi maarifləndirmə və Azərbaycan həqiqətlərini əks etdirən materiallarla zənginləşdirməsinə verdiyi töhfəyə görə, professor Aslan Məmmədliyə isə Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın yeddisinə annotasiya hazırladığı üçün kitabxananın fəxri oxucu kartı təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə