Dövlət Komitəsində görüş olub FOTO

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner ilə görüşüb. Bu barədə SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verillib.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qonağa ölkəmizdəki nümunəvi tolerantlıq mühiti, ayrı-ayrı dini konfessiya nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, dövlətin dinə qayğısı barədə danışıb. 28-i qeyri-müsəlman olmaqla 793 dini icmanın dövlət qeydiyyatından keçdiyini, dini icmalara cənab Prezidentimiz tərəfindən mütəmadi olaraq maliyyə yardımı ayrıldığını diqqətə çatdırıb.

Ölkəmizdə tolerant, multikultural mühitin hökm sürdüyünü deyən Kanadanın Ankaradakı səfirliyinin birinci katibi Andrea Soner dinlərarası dialoqun inkişaf etdirilməsinin ölkəmizdə prioritet istiqamət olduğunu dilə gətirib. Kanada da olduğu kimi Azərbaycanda da tolerantlıq mühitinin, dini irsə ehtiramın, multikultural həyat tərzinin həqiqətən böyük dəyər kəsb etdiyini bildirib.

Görüşdə iki ölkə arasında dini sahədə əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib, eyni zamanda, ölkəmizin nümunəvi dövlət-din modeli, dini radikalizmə qarşı mübarizəyə dair təcrübəsi barədə danışıqlar aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə