AMEA əməkdaşları üçün pulsuz müayinə aksiyası

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları üçün pulsuz göz müayinəsini həyata keçirib. AMEA-dan SİA-ya verilən xəbərə görə, humanitar aksiyada iştirak edən insanlar həkim-oftalmoloqlar tərəfindən ətraflı müayinə edilib, onların görmə itiliyi, göz təzyiqi yoxlanılıb və zəruri müalicə tədbirləri müəyyənləşdirilib.

Milli Oftalmologiya Mərkəzinin Eksimer-Lazer şöbəsinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru, oftalmoloq, cərrah Aygün Səfərovanın sözlərinə görə, bu aksiyanın keçirilməsində əsas məqsəd əməkdaşları iş prosesindən ayırmadan onların göz patalogiyalarını aşkar etmək və monitorinqlər aparmaqdır.

Göz müayinəsinin keçirilməsi üçün Səyyar Klinikanın geniş texniki imkanlara malik olduğunu söyləyən cərrah A.Səfərova aparılan müayinələr zamanı əsas etibarilə quru göz sindromu və spazm kimi patalogiyaların aşkarlandığını diqqətə çatdırıb. O, bu patalogiyaların kompüterlə sıx təmasda olan insanlar üçün xarakterik olduğunu bildirib.

Aksiyanın AMEA-nın digər institut və təşkilatlarında da keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzi Bakıda və bölgələrdə əhali arasında göz xəstəlikləri ilə bağlı geniş maarifləndirmə tədbirləri aparır, oftalmoloji xəstələrin müayinəsi və müalicəsi sahəsində aksiyalar keçirir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə