Nuranə Şıxəliyeva: “Prezident İlham Əliyev tərəfindən “AXC İli”nin elan olunması Onun tarixi keçmişimizə verdiyi ən böyük dəyərdir” MÜNASİBƏT

"Prezident İlham Əliyev cənabları tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunması Sərəncamı istər xalqımız, istərsə də ölkəmiz üçün çox böyük tarixi əhəmiyyət kəsb edən mühüm qərardır". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Gənclər Birliyinin və Qadınlar Şurasının sədr müavini, 2 saylı Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar liseyinin direktor müavini, Azərbaycan Alpaqut Federasiyasının vitse-prezidenti Nuranə Şıxəliyeva bildirib.

Nuranə Şıxəliyeva tarixi aspektlərə toxunaraq qeyd edib ki, məhz ötən əsrin əvvəllərində müsəlman şərqində ilk demokratik respublika məhz Azərbaycan xalqı tərəfindən yaradılıb və eyni zamanda, həmin dövrlərdə Avropanın da bir sıra ölkələrində demokratik Respublika quruluşu mövcud deyildi. “Bu baxımdan, Azərbaycan xalqı haqlı olaraq öz tarixi ilə fəxr edir və qürur duyur”-deyə vurğulayan Nuranə Şıxəliyeva həmçinin xatırladıb ki, cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti çox tarixi missiyanı yerinə yetirdi, o dövrdə hətta bir sıra Qərb dövlətlərindən də əvvəl demokratik islahatlar həyata keçirildi: “Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verərək bu məsələdə də bir çox dövlətlərə öncüllük etdi, eləcə də qadınlarımız dövlət qulluğuna işlərə cəlb olundu, demokratik və çoxmillətli parlament fəaliyyət göstərdi, ordu quruculuğu, milli valyuta və s. önəmli amillər reallaşdırıldı".

“Artıq, 2018-ci il ərzində "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində mühüm tədbirlərin keçiriləcəyi də məlumdur” deyən Nuranə Şıxəliyeva onu da bildirib ki, bu tədbirlər Azərbaycanın dövlətçilik tarixinin, xalqımızın ənənələrinin öyrənilməsi və təbliğ olunmasına, o cümlədən gənc və yeniyentmə nəslin nümayəndələrinə dövlətçilik şüurunun möhkəmlənməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunması işinə böyük töhfələrini verəcək”.

Nuranə Şıxəliyeva bir neçə il öncə Prezident İlham Əliyev tərəfindən verilən Sərəncamla bağlı AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladaraq qeyd edib ki, məhz bu kimi dəyərli addımlar ölkə rəhbərimizin Azərbaycan xalqının tarixinə verdiyi ən yüksək və çoxsaylı qiymətlərdən biridir. Eləcə də, bu kimi addımlar Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi davamı olaraq qiymətləndirilir.

“Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyev Xalq Cümhuriyyətinin fəaliyyətini daim yüksək qiymətləndirərək bəyan edib ki, müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”-deyə xatırladan Nuranə Şıxəliyeva o cümlədən, daha bir tarixi faktora əsaslanaraq xatırladıb məhz Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı da ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən rəsmi olaraq qəbul edilib: “Həmçinin, Cümhurriyətin 80 illiyinin dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ilə bağlı Ümummilli Liderimizin sərəncamları çox mühüm tarixi əhəmiyyətə malik idi. Hazırda isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətin tarixi əhəmiyyətinə, fəaliyyətinə çox yüksək qiymət verir”.

Ümumiyyətlə, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq olduğunu və bu ənənələri uğurla yaşatdığını, demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini sübut edib. Bizlər, ariximizə dəyər verməklə ölkəmizin inkişaf və tərəqqisində daim ölkə rəhbərimizin ətrafında daha da sıx birləşərək, Onun siyasətinə birmənalı dəstəyimizi verməkdə davam edəcəyik".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə