"Səs"in daimi oxucusu Qönçə Qasımova diplomla təltif edilib

"Səs" qəzetinin 91 yaşlı daimi oxucusu: "Mənə həyatımda "Səs" qəzeti qədər doğma olan ikinci qəzet olmayıb"

Bu gün nəşrə başlamasının 27-ci ildönümünü qeyd edən "Səs" qəzeti yarandığı gündən Azərbaycan ictimai fikrinə öz səsini çatdırmağı bacarıb. Həm də, "Səs" qəzetini Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. Çünki ötən əsrin 90-cı illərində hökm sürən o ağır və çətin dövrlərdə "Səs" qəzeti Ulu Öndər Heydər Əliyevin müəllifliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının təşkilatlanmasında və formalaşmasında böyük dəstək göstərmişdir. Məhz bu mübarizliyinə, haqq-ədalət carçısı rolunda çıxış etməsinə görə, qəzet geniş oxucu auditoriyasında özünə böyük, hörmət və nüfuz qazandırmışdır.

Sədaqətli, bu gün də, hər bir nüsxəsini sevə-sevə oxuyan oxucular az deyil. Onlardan biri də, 91 yaşlı Qasımova Qönçə Ağa qızıdır. Qönçə Qasımova "Səs" qəzetinin nəşrə başladığı 1991-ci il yanvarın 11-dən bu günə qədər çapdan çıxan hər bir sayını oxuyub. Bu oxucusunun fəaliyyətini və qəzetə olan dəyərini yüksək qiymətləndirən qəzetin kollektivinin ümumi qərarına əsasən, Qönçə Qasımova "Səs"in diplomu ilə mükafatlandırılıb.

Q.Qasımovanı evində ziyarət edən qəzetin baş redaktoru Bəhruz Quliyev və kollektivin əməkdaşları gül buketini, eləcə də, diplomu sədqətli oxucuya təqdim ediblər. Göstərilən diqqətə görə, qəzetin kollektivinə və baş redaktor Bəhruz Quliyevə öz təşəkkürünü bildirən bu mehriban və qayğıkeş xanım deyir ki, onun həyatında "Səs" qəzeti qədər doğma olan ikinci qəzet olmayıb: "Evimdə, qəzetin arxivi var. Burada qəzetin ilk sayından bugünkü sayına qədər bütün nüsxələri saxlanılır. O dövrdən, bu günkü günə qədər qəzet, bir növ Azərbaycan mətbuatı üçün məktəb rolunu oynayır. Qəzetin yaradıcı heyətinə nəcib və xeyirxah fəaliyyətlərində uğurlar arzulayıram".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...