Vüqar Rəhimzadənin monoqrafiyası təqdim olunub TƏDBİR

Bu gün Bakı Slavyan Universitetində "İki Sahil"qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin "Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi: Azərbaycan təcrübəsi" monoqrafiyasının təqdimatı və 50 illik yubileyinə həsr olunan "Qələmdən süzülən qüdrət" kitabının təqdimatı olub.

Tədbirdə Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, “Səs"qəzetinin Baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu, Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, "Şərq"qəzetinin Baş redaktoru Akif Aşırlı, "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu və BSU-nun nümayəndələri, jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənova və jurnalist Seymur Verdizadə də iştirak ediblər.

Vüqar Rəhimzadə monoqrafiyası ilə bağlı çıxış edərək, bu elmi-tədqiqat əsərinin onun bütün yaradıcılığını əhatə etdiyini deyib: "Azad söz və mətbuat azadlığından bəhs edən elmi mövzuda hazırladığım monoqrafiyada əsasən dünya mediası ilə müqayisəli məqamları qeyd etmişəm. Özüm BSU-nun jurnalistika fakültəsində dərs deyirəm. Bu, mənim çoxillik fəaliyyətimin bəhrəsidir. Bu, sırf tədris prosesi üçün nəzərdə tutulmasa da, gələcəkdə fikrim var ki, jurnalistikada tədris üçün belə bir vəsait hazırlayaq".

BSU rektoru Nurlana Əliyeva tədbir iştirakçılarını salamlayaraq, Vüqar Rəhimzadəni 50 illik yubileyi münasibəti ilə təbrik edib: "Jurnalitika olduqca geniş sahədir. Mətbuat o qədər önəmli bir sahədir ki, burada çalışan qələm sahibləri bütün cəmiyyətin fikrini ədalətli, qərəzsiz şəkildə inkişaf etdirirlər. Bu gün təqdim edilən bu monoqrafiya jurnalistika üçün böyük töhfədir. Biz BSU kollektivi adından Vüqar müəllimi təbrik edirik və fəaliyyətində ona uğurlar arzulayırıq".

Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev çıxışında qeyd edib ki, monoqrafiyanın müəllifi, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadənin partiyanın yaranmasında da xidmətləri olub: "Onun pedaqoji fəaliyyəti göz önündədir. Bakı Slavyan Universitetinin jurnalistika fakültəsində dərs deyir və gənclərin bu sahəyə marağının artmasında kifayət qədər rolu var. Bu monoqrafiyanın özü də elmi əsər kimi hətta pedoqoji fəaliyyətdə də müəllimlərin istifadə edə biləcəyi bir mənbədir. Bu kimi kitabların daha çox olmasını arzu edirəm. Vüqar Rəhimzadə hər zaman dövlətinə, xalqına və milli ideologiyaya şərəflə xidmət edən, cəsarətli, prinsipal bir insandır və sözsüz ki, bundan sonra da belə olacaq. Hesab edirəm ki, ölkəmizin gələcək inkişafı, daha güclü Azərbaycan naminə hər bir vətəndaşımız Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, cəmiyyətdəki statusundan asılı olmayaraq, hər kəs dövlət başçısının həyata keçirdiyi siyasi kursa dəstək olmalıdır”.

"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu deyib: "Bu monoqrafiya jurnalistikanın fundamental əsəridir, desək, yanılmarıq. Söz və mətbuat azadlığı dedikdə, bu, yalnız media sahəsində deyil, eləcə də, cəmiyyətdə azad təfəkkür deməkdir. Demokratik respublikanın əsası məhz azadlıqdır. Azadlıq ümumiyyətlə, ruhun substansiyasıdır. İnsan övladı yarandığı gündən azadlığa meyilli olub. Bu, fərdi hadisə deyil, cəmiyyətin məhsuludur. Monoqrafiya informasiya cəmiyyəti üçün faydalı olacaq".

Akif Aşırlı monoqrafiyanı jurnalistlər üçün fundamental baza hesab etdiyini deyib: "Vüqar müəllim ömrünü jurnalistikaya, elmə həsr edən şəxslərdən biridir. Bu elmi əsər də onun parlaq yaradıcılığının bariz nümunəsidir. Bu gün "İki sahil" qəzetinin geniş kollektivi də buradadır. Arzu edirəm ki, gələn təqdimatda "İki sahil" televiziyası iştirak etsin. 50 yaş hələ qocalıq hesab olunmur. Həyat hələ bundan sonra başlayır".

Müşfiq Ələsgərli də tədbirdə çıxış edərək, Vüqar Rəhimzadəni təbrik edib: "Biz uzun illər media sahəsində çalışaraq, bir çox stereotipləri qırdıq. Düşünürəm ki, hazırda mətbuatda Qərb istiqaməti özünü göstərir. Və ümid edirəm ki, bu monoqrafiya sistemli şəkildə mətbuata öz töhfəsini verəcək".

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Vüqar Rəhimzadəni təbrik edərək, Mətbuat Şurası yaranandan onun mətbuatdakı töhfələrindən danışıb: "Mətbuat Şurası yaranandan Vüqar Rəhimzadə Mətbuat Şurasının üzvüdür. Jurnalistika elə bir sahədir ki, təsəvvür edin, bir insanın aldığı informasiya onun həyatında nə qədər əhəmiyyətli rol oynayır. Təsəvvür edin, bir gün internet olmasın, televiziya, mətbuat orqanları olmasın, hər şey bir-birinə qarışar. Jurnalistika Azərbaycanın daxili inkişafında olduqaca mühüm rol oynayır. Vüqar müəllim isə çox gözəl jurnalist və dəyərli dostdur".

Rauf Arifoğlu Vüqar Rəhimzadəni dəyərli elmi tədqiqatının təqdimatı münasibətilə təbrik edib: "Vüqar Rəhimzadə mətbuatda dəyərli insanlardan, gənclərə dəstək olan qələm sahiblərindən biridir. Ölkədə azad söz, azad mətbuat, dəqiq jurnalistikanın təbliğatçılarındandır. Biz əks cəbhələrdə olsaq da, dövlət naminə bir araya gəlməyi də bacarmışıq. Bu gün həmkarımızın 50 yaşı tamam olur. Ona yaradıcılığında uğurlar arzu edirəm".

Tədbirdə iştirak edən qonaqlar da Vüqar Rəhimzadəni təqdim olunan monoqrafiyası və yubileyi münasibəti ilə təbrik ediblər.

Tədbirin sonunda Nurlana Əliyeva Vüqar Rəhimzadəyə BSU kollektivi adından suvenir xəncər və gül dəstəsi təqdim edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə