Diaspor rəhbəri Misir parlamentində görüş keçirib

“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri, professor Usəmə əl-Əbdllə görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə Seymur Nəsirov Azərbaycan həqiqətləri, ölkəmizin cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, ərazisinin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanılması, bir milyondan çox qaçqın və köçkünün olması, Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Diaspor rəhbəri eyni zamanda Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, son illər iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlardan da bəhs edib. Azərbaycan-Misir əlaqələrdən də söhbət açan S.Nəsirov xalqlarımız arasındakı dostluq münasibətlərinin çox qədim tarixə malik olduğunu vurğulayıb.

Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri Usəmə əl-Əbdl isə öz növbəsində azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən məmnunluğunu dilə gətirərək hər zaman dost Azərbaycan xalqının yanında olduğunu və bundan sonra da xalqlarımız arasında bu dostluğun möhkəmlənməsinə çalışacağını bildirib.

Görüşün sonunda S.Nəsirov ərəb mənbələrinə istinad edərək Misirdə fəaliyyət göstərmiş 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı komitə sədrinə hədiyyə edib.

Qeyd edək ki, Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri Usəmə əl-Əbdl dekabrın 21-də Bakıda keçiriləcək “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...