Tərtərin 11 yaşayış məntəqəsinə içməli su verilib FOTO

Tərtərin 11 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-dən SİA-ya verilən məlumata görə, yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Tərtər rayonunun İsmayılbəyli kəndində keçirilən açılış mərasimində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov son illər rayonda həyata keçirilən sosial infrastruktur layihələri barədə məlumat verib. O, qeyd edib ki, cəbhə xəttinə yaxın ərazidə yerləşən Tərtərdə içməli su ilə təminat həmişə aktual olub. Tərtərin əsas su mənbələrinin işğal altında olması səbəbindən rayonun su ilə təminatda çətinliklər olurdu. Bu baxımdan sudan əziyyət çəkən kəndlərdə icra olunan layihə sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına səbəb olub.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində 47 şəhər və rayon mərkəzində, həmçinin 300-dən çox kənddə içməli su layihələrinin icra olunduğunu diqqətə çatdırıb. S.Seyidov bildirib ki, 2016-cı ildə Tərtər şəhərində içməli su və kanalizasiya sistemləri yenidən qurulub. Artıq şəhər sakinləri fasiləsiz və keyfiyyətli içməli su və mərkəzləşdirilmiş kanalizasiya xidmətləri ilə təmin olunurlar. Tərtər şəhərində yeni yaradılmış su təchizatı sistemləri bəzi ətraf kəndlərin də su təminatının yaxşılaşmasına imkan yaradıb: “Rayonun Seyidimli, Hacıqərvənd, Buruc, Səhləbad, Əskipara, Düyərli, Yenikənd, Sarıcalı, Qarağacı kəndlərinə içməli su Tərtər şəhərinə çəkilmiş yeni magistral kəmərdən və şəhərin su şəbəkəsindən verilib. Rayonun Cəmilli kəndinin su təchizatı isə subartezian quyusu hesabına təmin ediləcək. Açılış mərasimi keçirilən İsmayılbəyli kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,1 kilometr su xətti çəkilib, 10 ədəd bulaq quraşdırılıb. Bununla da kəndin 1600-dək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb”.

Xatırladaq ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində içməli su təchizatı sistemləri yaradılacaq. Bu layihələrin icrası nəticəsində həmin kəndlərdə 271 min nəfər içməli su ilə təmin olunacaq. Layihələrin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən “Azərsu” ASC-yə 14 milyon manat ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...