Uşaqlarımızı bayramda necə təbrik edək? MÜTƏXƏSSİS RƏYİ

2017-ci il göz qırpımında gəlib-keçdi, artıq hər kəs 2018-ci ili qarşılamağa hazırlaşır. Artıq evlərdə şam ağacları bəzənir, bayram hədiyyələri almaq prosesinə başlanılır. Yeni ilin gəlişinə ən çox sevinənlər uşaqlar olduğu üçün bütün valideynlər uşaqları müxtəlif hədiyyələrlə bayramlarına bayram qatmağa çalışırlar. Bəzəm yeni ildə uşağa verilən ən dəyərli hədiyyə onun üçün zərərli ola bilir. Belə ki, rusiyalı psixoloqların araşdırmalarına görə, uşaqlara verilən həddən artıq hədiyyə onların psixologiyasına təsir edir. Bəs görəsən uşaqları bayramlarda necə və hansı hədiyyələrlə təbrik edək?

"Əsas məsələ mənəvi adət-ənənələri uşaqların daxilinə düzgün yerləşdirməkdir"

Məsələ ilə bağlı SİA-ya açıqlama verən ailə psixoloqu Sevinc Məhərrəm söyləyib ki, elə ailələr var ki, maddi imkan yaxşı olduğundan hər hansı hədiyyə alarkən uşaqlarının istəyini nəzərə alır, elələri də var ki, onların maddi imkanı zəif olduğu üçün yalnız öz dünya görüşləri və ya fantaziyaları daxilində hədiyyə almaqla uşaqlarının bayramını daha sevincli keçməsini təmin edə bilirlər: “Lakin burada əsas məsələ mənəvi adət-ənənələri uşaqların daxilinə düzgün yerləşdirməkdən ibarətdir. Çünki, belə olan halda, uşaqların gələcəkdə də düzgün formalaşır və onların psixologiyasına mənfi təsir göstərmir. Valideynlər bu dəyərləri təkcə bayramlarda deyil, il boyu formalaşdırmağa çalışmalıdırlar”.

"Valideynlər hədiyyə almaqla uşaqlarının təlim-tərbiyəsinə yatırım edə bilərlər"

Psixoloqun sözlərinə görə, valideynlər uşaqlara hədiyyə alarkən onları bu yolla təlim-tərbiyə də edə bilərlər: “Misal üçün əgər uşağın dərsi, özünü aparması, gigiyenik qaydalar və ya digər məsələlərlə bağlı kəsiri varsa, o zaman biz hədiyyədən istifadə etməklə onların bu çatışmazlıqlarını aradan qaldıra bilərik. Biz uşaqların hədiyyəsi qarşılığında müəyyən şərtlər qoymaqla onların daha da disiplinli olmasına imkan yarada bilərik. Ümumiyyətlə, uşaqlar hər şeyi oyuna çevirməyi sevirlər. Bu baxımdan valideynlər hədiyyə almaqla uşaqlarda motivasiya hissini artıra bilərlər. Belə olan halda, valideynlər hədiyyə almaqla uşaqlarının təlim-tərbiyəsinə yatırım etmiş olurlar”.

"Valideynlər öz borclarını hədiyyə ilə deyil, uşaqlara göstərdikləri ünsiyyət, diqqətlə ödəməlidirlər"

“Əgər valideyn övladı özünü pis apardığı, sözə qulaq asmadığı halda, sadəcə heç kimdən seçilməsin və özünü günahlandırma duyğusunu yaşamasın deyə bayramda hamı kimi hədiyyə alırsa, o zaman bu hədiyyənin heç bir məna və məntiqi olmur. Bu halda, valideynlər heç də uşaqlarına yaxşılıq etmirlər. Biz uşaqlarımızı əvvəlcədən hədiyyə almağa hazırlaşdırıb və ondan istədiyimiz nəticəni aldıqdan sonra versək, o zaman övladımız daha çox qazanc əldə etmiş olar. Uşaqların gözündə hədiyyənin dəyəri valideynlərlə üst-üstə düşməyə bilər. Əgər uşaq sevdiyi hədiyyəni alırsa, onun dəyəri ən dəyərli hədiyyədən belə üstündür. Misal üçün bir qutu şokolad belə uşaqlar üçün böyük hədiyyə hesab oluna bilər. Bu baxımdan bahalı hədiyyə almaqla uşağımızı daha çox sevindirə bilərik fikrində belə uduza bilərik. Ümumilikdə isə valideynlər öz borclarını hədiyyə ilə deyil, uşaqlara göstərdikləri ünsiyyət, diqqətlə ödəməlidirlər. Uşaqlar hər hansı uğuruna qarşı addım kimi hədiyyə ilə qiymətləndirilsələr daha yaxşı olar”- deyə, S. Məhərrəm əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...