"Ötən il dünyada 60 milyon ton elektron tullantı əmələ gəlib"

İnsanların istənilən sahədə həyat fəaliyyəti prosesində maddi nemətlər və xidmətlərlə yanaşı tullantılar, o cümlədən elektron tullantılar (ET) da yaranır. ET tullantıların bir qrupunu təşkil edir. Beynəlxalq sənədlərdə elektron tullantılar işi elektrik cərəyanından və ya maqnit sahəsindən istifadə edilməsinə əsaslanan, eləcə də özü elektrik cərəyanı və ya maqnit sahəsi hasil edən elektrik və elektron avadanlıqların tullantıları kimi tərif edilir.

ET lazımi qaydada emal edilmədikdə insan sağlamlığı və ətraf mühit üçün bir sıra problemlər yaradır. Əsas problem ondadır ki, elektron tullantılar adi məişət və ya istehsalat tullantıları kimi tullantı poliqonlarına atıldıqda ətraf mühitin təsiri ilə (yağıntı, külək, günəş şüaları və s.) və ya yanğınlar nəticəsində aşınır, tərkibindəki 70-dək ziyanlı maddə (Hg, Cd, As, Be, Pb, Sn, Se, Cr və s.) və onların yaratdığı birləşmələr atmosferi, torpağı, qrunt sularını, su hövzələrini çirkləndirir, yəni, insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükə mənbəyinə çevrilir. Ona görə də ET-nin tərkibindəki ziyanlı maddə və birləşmələr ilkin emal vasitəsilə utilizasiya edilib zərərsizləşdirilməlidir. Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev məlumat verib.

B.Ağayev qeyd edib ki, yerin təkindəki faydalı qazıntılar sürətlə azalır və bəzilərinin isə yaxın gələcəkdə tükənəcəyi gözlənilir. Ona görə də təbii sərvətləri gələcək nəsillərə saxlamağın və onlardan qənaətlə istifadənin yeganə yolu tullantıları təkrar emal etməklə xammal-material kimi yeni məhsulların istehsalı üçün təkrarən təsərrüfat dövriyyəsinə qaytarmaqdır. ET tərkibində maddə və materialların ən çox olduğu tullantı qrupudur. Belə ki, elektron tullantıların tərkibində orta hesabla 45 faiz dəmir, 21 faiz plastik kütlə, 13 faiz əlvan və qiymətli metallar, 6 faiz şüşə, nadir torpaq metalları və s. var, yəni, mühüm alternativ xammal-material mənbəyidir.

Şöbə müdiri bildirib ki, elektrik və elektron avadanlıqların qablaşdırılmasında, daşınmasında istifadə edilən, həmçinin tərkibindəki kağız, karton, ağac, polimer materiallar kimi bəzi materialların təkrar emalı və ya yandırılması nəticəsində enerji istehsalı məqsədilə istifadəsi mümkündür, yəni, onlar alternativ istilik-energetik resursları mənbəyidir.

“Həmin problemlərin həlli hər bir ölkənin ekoloji, iqtisadi, texnoloji, sosial, mədəni və s. vəziyyətindən asılı olaraq ET-nin idarəetmə sisteminin (ETİS) yaradılması yolu ilə həll edilir. Bu idarəçilik sistemi, ümumi halda, sahə üzrə dövlət strategiyası, xüsusi qanunvericilik bazası, texniki-texnoloji baza, iqtisadi idarəetmə mexanizmləri, informasiya dəstəyi sistemi, təşkilati-idarəçilik metodları və s. amillərdən ibarət mürəkkəb infrastrukturun yaradılmasını nəzərdə tutur. Bu sistemin işi üzrə bəzi ölkələrin təcrübəsi göstərir ki, elektron avadanlıqların tullantılarının çəkisinin orta hesabla 90-95 faizini təkrar material kimi yenidən təsərrüfat dövriyyəsinə qaytarmaq, onların insan sağlamlığı və ətraf mühitə vurduğu ziyanı dəfələrlə azaltmaq olar. Lakin hələ respublikamızda mərkəzləşdirilmiş ETİS yaradılmayıb”, - deyə B.Ağayev bildirib.

O, həmçinin vurğulayıb ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) məlumatına görə, 2016-cı ildə dünyada orta hesabla 140 milyard ton tullantı və 60 milyon ton elektron tullantı yaranıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il ölkəmizdə cəmi 3,02 milyon ton məişət və istehsalat tullantıları əmələ gəlib. Lakin Azərbaycan üzrə elektron tullantıların həcmi haqqında məlumat yoxdur. Buna baxmayaraq, digər ölkələrin təcrübəsinə görə, ET-nin tullantıların ümumi həcminin orta hesabla 5 faizini təşkil etdiyini nəzərə almaqla bu rəqəmin 150 ton olduğu qənaətinə gəlmək olar.

Fəlsəfə doktoru AMEA-nın tədqiqat institutu olaraq İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elektron tullantıların problemləri və onların həlli istiqamətində dünya təcrübəsinin öyrənilməsi, respublikamızda bu sahədə mövcud vəziyyətin monitorinqinin aparılması və nəticələrinin araşdırılması, aidiyyəti qurumlar üçün problemin həlli üzrə təkliflərin işlənməsi, ölkə mətbuatında məlumatlandırma və maarifləndirmə işlərinin aparılması və s. məsələlərlə məşğul olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə