Cümə namazında Zirvə toplantısından danışıldı XÜTBƏ

Surxay Məmmədli: “Cənab Prezident Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoydu”

Bu gün İçərişəhər Cümə məscidində cümə namazı qılınıb. SİA xəbər verir ki, Cümə namazından öncə xütbə söyləyən məscidin İmam camaatı, ilahiyyat üzrə elmlər doktoru Hacı Surxay Məmmədli bir sıra məsələlərlə yanaşı, bu günlərdə İƏT-in Türkiyənin İstanbul şəhərində keçirilmiş fövqəladə Zirvə toplantısında müsəlman dövlətlərinin iştirakının əhəmiyyətindən danışıb. “Qüds haqqında verilmiş ədalətsiz və beynəlxalq hüquqa zidd qərara qarşı bir çox müsəlman ölkələri öz etirazlı mövqelərini bildirdi və Azərbaycan Prezidenti cənab İlham Əliyev də öz çıxışını bu istiqamətdə quraraq, İslam həmrəyliyinin vacibliyindən danışdı”-deyə qeyd edən Hacı Surxay Məmmədli əlavə edib ki, işğalçı və təcavüzkar Ermənistanın müsəlman ölkələri ilə əlaqə qurmaq çağırışlarına ən sərt mövqeni də məhz ölkə başçımız bildirdi: “Bu gün işğal olunmuş Qarabağ ərazilərimizdə müqəddəs məkanlarımız, məscidlərimiz dağıdılır, viran edilir. Lakin Ermənistan açıq-aşkar həyasızlıq nümayiş etdirərək, utanmadan müsəlman ölkələri ilə əməkdaşlıq etmək istədiyini bəyan edir. Bu, yolverilməzdir”.

Cümə məscidinin İmam camaatı bəzi müsəlman ölkələrinin Zirvə toplantısına qatılmamasına da təəssüf hissi keçirdiyini də bildirib: “Bəzi müsəlman ölkələri Zirvə toplantısına qatılmamaqla, İslam həmrəylinin inkişafına kölgə saldılar. İnanmaq istərdik ki, Azərbaycan dövlətinin, eləcə də ölkə rəhbərliyimizin Zirvə toplantısındakı iştirakı, həmin ölkələrə ibrət dərsi olacaq”.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə