Cocuq Mərcanlıda gün ərzində 17 min kvadratmetr ərazi yoxlanılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) dekabrın 14-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb. ANAMA-nın məlumatında deyilir ki, gün ərzində Cocuq Mərcanlıda 17 min kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursat aşkarlanmayıb. Əməliyyatlarda 54 nəfərlik şəxsi heyət iştirak edib.

Cocuq Mərcanlıda 27 gün ərzində 11 partlamamış hərbi sursat (bir ədəd F-1 əl qumbarası, bir ədəd UZRQM partladıcısı, iki ədəd RQ-42 əl qumbarası, iki ədəd TM-62 minasının gücləndiricisi və beş ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7), iki ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. 503 min 680 kvadratmetr ərazi tam təmizlənib, 236 min 766 kvadratmetr ərazi 20 santimetr dərinliyində 180 min 700 kvadratmetr ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 14-dək ölkə üzrə, ümumilikdə, 7534 partlamamış hərbi sursat, tank əleyhinə 204 mina və piyada əleyhinə 35 mina aşkarlanaraq zərərsizləşdirilib, 5 milyon 676 min 168 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə