BHT-nin nümayəndələri DDA-da olublar

Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri bu gün Dövlət Dəniz Administrasiyasının rəsmiləri ilə görüşüblər. Dövlət Dəniz Administrasiyasından SİA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin Naviqasiya və Kartoqrafiya İdarəsinin nümayəndələrinin də iştirak etdiyi görüşdə ilk olaraq Administrasiyanın Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanışlıq olub.

Qonaqlara məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 14 mart 2014-cü il tarixli 338 nömrəli sərəncamına əsasən ölkəmizin ərazisində dəniz üzgüçülüyünün təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etmək məqsədi ilə Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi yaradılıb.

Nazirlər Kabinetinin 23 may 2014-cü il tarixli 164 nömrəli Qərarı ilə təsdiq edilmiş Nizamnaməyə əsasən adıçəkilən Mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında və liman akvatoriyalarında dəniz üzgüçülüyünün təhlükəsizlik sisteminin təşkil olunması, gəmilərin hərəkətinin idarə edilməsi, gəmilərdə yoxlamaların həyata keçirilməsi, bələdçi xidmətinin göstərilməsi, gəmilərin uzaq məsafədən izlənilməsi və dəniz üzgüçülüyünün təhlükəsizliyinə aid digər funksiyalar daxildir. Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzinin yaradılması Azərbaycanın qoşulduğu Beynəlxalq Konvensiyaların tələblərinin yerinə yetirilməsinə və gəmilərin nəzarət yoxlamasının beynəlxalq standartlara uyğun olaraq daha səmərəli və effektiv həyata keçirilməsinə xidmət göstərməkdədir.

Dövlət Dəniz Administrasiyasının rəsmiləri bildiriblər ki, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya"nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin əsas funksiyaları – Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin peyk və radarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi, gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və əlaqələndirmənin təşkili, habelə beynəlxalq təşkilatlar daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi olaraq operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsindən ibarətdir.

Qonaqlara həmçinin Müdafiə Nazirliyinin Naviqasiya və Kartoqrafiya İdarəsinin Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzi ilə birgə əməkdaşlığı barədə məlumat verilərək əldə edilən uğurlu nəticələr diqqətə çatdırılıb. Dövlət qurumlarının birgə əməkdaşlığını yüksək qiymətləndirən qonaqlara “Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi”nin öz texniki təchizatı baxımından bir çox qabaqcıl Avropa dövlətlərinin oxşar qurumlarından daha üstün olması, Milli Mərkəzdə işə cəlb olunmuş mütəxəssislərin xarici ölkələrin müvafiq mərkəzlərində xüsusi təlimlər keçməsi barədə də məlumat verilib.

Daha sonra Azərbaycanda Hidroqrafiya Xidmətinin imkanlarının dəyərləndirilməsi, ölkəmizin Beynəlxalq Hidroqrafiya Təşkilatına üzv olması prosesinin sürətləndirilməsi məqsədilə keçirilən tədbirlər və bu istiqamətdə görülən işlər barədə müzakirələr aparılıb. Azərbaycanda yaradılmış, ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin imkanlarını yüksək qiymətləndirən qonaqlar Milli Mərkəzlə tanışlıq zamanı onlarda yaranan təəssüratları və əldə etdikləri məlumatları hesabatlarında xüsusi vurğulayacaqlarını deyiblər.

Görüşdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə