Məleykə Abbaszadə şikayətləri dinlədi

Bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə əhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Sumqayıt şəhərində vətəndaşları qəbul edib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, qəbulda Sumqayıt şəhərinin, Abşeron, Xızı rayonlarının sakinləri, eləcə də bu rayonlarda məskunlaşmış Qubadlı, Zəngilan və Şuşadan olan məcburi köçkünlər iştirak ediblər.

Görüşdən öncə sədr Məleykə Abbaszadə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə gül-çiçək dəstələri düzüb.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul, 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli, tətbiq olunacaq yeniliklər, həmçinin dövlət qulluğuna qəbul üzrə müsabiqənin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll edilib. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.

Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə