Macarıstan səfirliyində Ulu öndərin əziz xatirəsi anılıb FOTO

Azərbaycanın Macarıstandakı səfirliyində Ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Tədbirdə səfirliyin əməkdaşları ilə birgə bu ölkədə təhsil alan tələbələr də iştirak ediblər.

SİA-nın məlumatına görə, tədbirin əvvəlində Ulu Öndərin səfirlikdəki büstü önünə gül çələngi qoyulub, əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfirliyin müşaviri Zaur Şükürov çıxış edərək, Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. Z.Şükürov Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin banisi, xilaskarı kimi xalqımızın qəlbində daima yaşayacağını, Heydər Əliyev irsinin həmişə tədqiqat mövzusu olacağını söyləyib.

Daha sonra Z.Şükürov Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini, dövlətimizin daha dinamik inkişaf mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.

Z.Şükürov, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Heydər Əliyev irsinin gələcək nəslə ötürülməsi, Azərbaycan mədəniyyətinin, incəsənətinin və ümumiyyətlə Azərbaycan həqiqətlərinin geniş miqyasda təbliği istiqamətində əhəmiyyətli rolundan bəhs edib.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş film nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə