Prezident memarı təltif etdi SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Abbas Ələsgərov 13 dekabr 1937-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 16 mart 1959-cu ildən 11 mart 1960-cı ilə qədər Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının "Təchizat və satışı" Respublika Kontoru "Sovnarxozmaşsnabsbıt"da mühəndis, həmin tarixdən 16 iyun 1961-ci ilə qədər isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının İxtisaslaşdırılmış "Tikinti mexanizasiyası sənayesi" Trestində mühəndis və usta vəzifələrində çalışmışdır.

Abbas Ələsgərov 25 sentyabr 1961-ci ildən 29 oktyabr 1962-ci ilə qədər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Əsaslı tikinti şöbəsində mühəndis, həmin tarixdən 22 noyabr 1976-cı ilə qədər Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin Tikintidə yeni texnikanı tətbiq edən trest "Orqtexstroy"də Layihənin baş mühəndisi, şöbə müdiri və trestin baş mühəndisi, 5 avqust 1977-ci ilə qədər isə Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 №-li Trestinin 42 №-li Tikinti İdarəsində baş mühəndis kimi vəzifələrdə işləmişdir.

5 avqust 1977-ci ildən 21 iyun 1982-ci ilə kimi SSRİ Dövlət Tikinti Komitəsinin "Azərdövlətsənayelayihə" İnstitutunda baş mühəndisin müavini, 17 noyabr 1983-cü ilə qədər "Bakıbaştikinti"nin Layihə - Konstruktor Texnoloji Bürosunda direktor və 4 aprel 2007-ci ilə qədər isə Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutunda direktor olmuşdur.

4 aprel 2007-ci ildən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışır.

7 sentyabr 2007-ci ildən 6 noyabr 2012-ci ilə qədər Azərbaycan Memarlar İttifaqının sədri olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə