Binəqədidə "Sən elə bir zirvəsən!" tədbiri keçirilib FOTO

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr edilmiş “SƏN ELƏ BİR ZİRVƏSƏN!” adlı tədbir keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, ilkin olaraq qonaqlar Ulu Öndərin sərəncamlarını özündə əks etdirən sənəd nümunələri və Ümummilli lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi nadir və dəyərli şəxsi kitab nümunələri ilə tanış oldular. Daha sonra Heydər Əliyevin büstü önünə gül qoyuldu.

Tədbiri Azərbaycan Respublikası Prezidentin İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin direktor səlahiyyətlərini icra edən Elmira Ələkbərova açaraq qonaqları salamladı. Elmira Ələkbərova Heydər Əliyevin siyasi hakimiyyətə gəldiyi ilk aylardan arxiv idarəsini yaratmaqla bağlı sərəncam verməsinin Ümummilli liderin xalqına və onun tarixinə verdiyi qiymətin bariz nümunəsi olduğunu dedi.

Daha sonra çıxış üçün Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova söz verildi. Kərim Tahirov çıxışında Heydər Əliyevin bir fenomen olduğunu onun diqqətindən kənar heç bir sahənin olmadığını ifadə etdi. Kərim Tahirov qonaqlara Ulu Öndərin Milli kitabxanaya tez-tez gəlməsindən, kitabxana işçilərinə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açdı.

Çıxış üçün söz verilən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva Heydər Əliyevin hər bir azərbaycanlının qəlbində yaşadığını və yüzilliklər, minilliklər boyu Heydər Əliyev ideyalarının Azərbaycan xalqının dəyişməz istiqamət modeli olacağını dedi. Xatirələrdə silinməz və dərin məhəbbətlə möhürlənmiş şəxsiyyətin həyatını, onun fəaliyyətini öyrənmək, öyrətmək və əbədiləşdirmək hər birimizin üzərinə düşən ən mühüm məsələ olduğunu bildirən Aygün Əliyeva, yaşamın istənilən anında Heydər Əliyev dühasının bizlərə daimi güc bəxş edildiyini söylədi.

Anım günü tədbirinin rəsmi hissəsi bitdikdən sonra, tədbir bədii hissə ilə davam etdirildi. Bədii hissə zamanı Ümummilli liderin sevdiyi musiqiləri özündə əks etdirən ifalar ilə bərabər qonaqlara Heydər Əliyevə həsr edilmiş şeir və musiqi kompozisiyaları təqdim edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə