Yasamal rayonunda Ümummilli Liderin xatirəsi anıldı

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə ilk olaraq Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxunub. Sonra Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov açaraq bildirib ki, hər il 12 dekabr xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günü qeyd edilir. O, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış ictimai-siyasi vəziyyətə nəzər salaraq, belə bir şəraitdə Azərbaycan xalqının birləşərək, ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq, təkid və tələblə Ümummilli Liderin hakimiyyətə qayıdışını irəli sürdüyünü diqqətə çatdırıb: "Ulu Öndər Heydər Əliyev şərəfli və mənalı ömrünü xalqımızın xoşbəxt gələcəyinə həsr etmiş, hələ keçmiş SSRİ dövründə müxtəlif yüksək vəzifələrdə çalışdığı zamanlarda da respublikamızın bütün sahələrdə inkişafının əsasını qoymuşdur. Ulu Öndər Heydər Əliyevin olduqca zəngin, şərəfli və mənalı həyatı, Onun titanik fəaliyyəti haqqında nə qədər danışılsa da, bu tarixi Şəxsiyyətin zəngin irsi tükənməzdir".

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Dahi Şəxsiyyət Heydər Əliyevin dövlətin milli maraqlarının qorunmasında, suverenliyinin möhkəmlənməsində, inkişaf etdirilməsində və cəmiyyətdəki demokratikliyinin bərqərar olmasında müstəsna rolu olduğunu bildirib. Dahi Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan dövləti durduqca həmişəyaşar olacağına əminliyini ifadə edib: "Bu gün Onun siyasi kursunu ölkə Prezidenti Cənab İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev məqsədyönlü fəaliyyəti ilə, nəinki Azərbaycanın, ümumiyyətlə, regionun siyasi lideri olduğunu ortaya qoymuşdur".

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olunub.

Xalq artisti Məleykə Əsədova Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeirlər ifa edib.

Tədbirdə Yasamal rayon icra hakimiyyəti başçısının birinci müavani Səməd İslamov, YAP Yasamal rayon təşkilatı idarə heyətini üzvü, BDU-nun professoru İsmayıl Əliyev, YAP Siyasi Şurasının üzvü Xeyrəddin Qoca çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən və böyük xilaskarlıq rolundan danışıb. Bildirilib ki, Dahi Şəxsiyyət parlaq siyasi zəkası və istedadı sayəsində müstəqil və qüdrətli Azərbaycan dövlətini yaradıb, onun davamlı inkişaf yollarını müəyyənləşdirib. Bu gün müstəqil Azərbaycanın inkişafının hər bir zərrəsində Dahi Öndərin ideyaları yaşayır.

Sonda Ulu Öndərin Anım Günü ilə əlaqədar ehsan süfrəsi verilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə