Etibar Pirverdiyev: "Ulu öndərin xatirəsi daim bizimlədir"

“Azərenerji” ASC-də müasir Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyət ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev Azərbaycanda müstəqil elektrik enerjisi sisteminin yaradıcısıdır” mövzusunda anım tədbiri keçirilib. ASC-nin mətbuat xidməti xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin ““Azərenerji” ASC-nin Aparatının binasındakı büstü önünə qızılgüllər düzdülər.

Tədbirdə qonaq qismində Xalq şairi Nəriman Həsənzadə və Milli Məclisin deputatı Aydın Mirzəzadə iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib ki, “Bugünkü müstəqilliyin, o cümlədən enerji müstəqilliyinin əsası ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə qoyulmuşdur. Ulu öndər Heydər Əliyev özü bu barədə deyirdi ki, 1970-80-ci illərdə Sovetlər İttifaqının tərkibində olan zaman Azərbaycanda böyük elektrik enerjisi potensialının yaranması tarixi nailiyyətdir və ölkəmizin müstəqil yaşaması üçün əsas şərtlərdən biridir. Müstəqillik illərində də ulu öndər enerjisistemin gücləndirilməsini vacib saymış və müasir texnologiyaların tətbiq olunduğu yeni elektrik stansiyalarının, enerji bloklarının, elektrik verilişi xətlərinin, yarımstansiyaların istismara verilməsini təmin etmiş, bir sözlə irimiqyaslı layihələr həyata keçirmişdir”.

Etibar Pirverdiyev qeyd etdi ki, ümumiyyətlə, ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu öndər inanırdı ki, Azərbaycanın müstəqilliyi əbədidir və onun başlatdığı işləri ardıcılları layiqincə davam etdirəcəklər. Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin apardığı mükəmməl daxili və xarici siyasət sayəsində müstəqil dövlətimizin gücü, qüdrəti artmaqdadır. Prezident cənab İlham Əliyev ulu öndərin elektrik energetikası ilə bağlı arzularını, ideyalarını hazırda uğurla həyata keçirir. Bu gün Azərbaycanda elektrik enerjisi istehsalı nəinki daxili tələbatımızı tam ödəyir, həm də ixrac potensialı yaranmışdır. Enerjisistemdə yeni texnologiyaların tətbiqi, o cümlədən enerjisistemin idarə edilməsində kompyüter şəbəkələrindən və robot texnikasından daha səmərəli istifadə olunması imkanları artırılır.

“Bir daha qeyd etmək istəyirəm ki, ulu öndərin xatirəsi daim bizimlədir! Bu gün müstəqil Azərbaycanın inkişafı, xalqımızın rifahının yüksəlişi naminə görülən işlər ulu öndərin xatirəsinə ehtiramın ən bariz təcəssümüdür. Energetiklər də ölkə rəhbərinin ətrafında sıx birləşərək, Heydər Əliyev ideyalarının bundan sonra da uğurla həyata keçirilməsinə öz töhfələrini verəcəklər” - “Azərenerji”nin rəhbəri nitqini bu sözlərlə yekunlaşdırdı.

Sonra Millət vəkili Aydın Mirzəzadə çıxış edərək, bütün həyatını Azərbaycanın tərəqqisinə həsr etmiş - xalqına sədaqətlə xidmət etmiş Heydər Əliyevin hələ sovet hakimiyyəti dövründə Azərbaycanın gələcəyini görərək, xalqın milli şüurunun oyanması və respublikanın müstəqilliyi üçün ilkin təməllər atdığını vurğuladı. Onun siyasətinin nəticəsidir ki, energetika sahəsində köklü islahatlar aparıldı və elektrik enerjisi baxımdan heç bir problemin olmadığını qeyd etdi.
Daha sonra Xalq Şairi Nəriman Həsənzadə Heydər Əliyevin fenomenal keyfiyyətlərindən danışdı və onunla bağlı xatirələrini bölüşdü. Azərbaycan mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına göstərdiyi diqqət və qayğıdan geniş söz açdı. Bunun nəticəsində hazırda Azərbaycan mədəniyyəti dünyada tanınır və qəbul olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə