Heydər Əliyevin xatirəsi Kiyevdə yad edilib (FOTO)

Kiyev şəhərində ulu öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar xatirəsi yad edilib. Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisində yerləşən Heydər Əliyev parkında keçirilən anım mərasimində Ulu Öndərin heykəli önünə əklil və gül dəstələri qoyulub. Anım mərasimində Ukraynanın dövlət və hökumət rəsmiləri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

SİA-nın məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək mərasim iştirakçılarının diqqətinə çatdırıb ki, müasir və müstəqil Azərbaycan dövlətinin memarı olan Ümummilli lider Heydər Əliyevin ən şah əsəri bu gün dünya siyasi xəritəsində qüdrətli ölkəmizin mövcudluğudur.

Səfirin sözlərinə görə, xalqımız illərdir ki, müstəqil dövlət qurmaq həsrəti ilə yaşayırdı. Məhz, Ümummilli lider Heydər Əliyevin böyük təcrübəsi və siyasi iradəsi nəticəsində bu gün hər bir azərbaycanlının qürur mənbəyi olan müstəqil dövləti var: "Bu gün Ulu öndərimizdən qalan müasir Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınması və inkişafı Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir".

Səfir xatırladıb ki, Ümummilli lider Heydər Əliyev Ukrayna xalqına köməkliyini əsirgəməyib. Ona görə də Ukraynanın bir çox ictimai, siyasi xadimləri ulu öndər Heydər Əliyevi Azərbaycanla Ukrayna dostluğunun memarı və qurucusu kimi qiymətləndirirlər.

Anım mərasimində çıxış edənlər Ulu öndər Heydər Əliyevin tək Azərbaycan deyil, bölgə dövlətləri və Ukrayna xalqı qarşısında da göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Bu gün bir çox ölkələrdə baş verən müharibə və vətəndaş qarşıdurmalarından söz açan natiqlər dünyada belə bir həssas və çətin dövrdə Heydər Əliyev siyasi irsinin elmi şəkildə öyrənilməsinin və tətbiq edilməsinin vacibliyini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə