DİM-in fəaliyyəti barədə Almatıda məlumat verilib

Qazaxıstanın Almatı şəhərində “Elektron hökumətin inkişafı: təcrübə, problem və perspektivlər” mövzusunda seminar keçirilib. Tədbir Astanadakı Dövlət Qulluğu üzrə Regional Xab, Estoniyanın Elektron İdarəetmə Akademiyası və Almatı Menecment Universiteti tərəfindən birgə təşkil olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya verilən xəbərə görə, seminarda Dövlət Qulluğu üzrə Regional Xabın Rəhbər Komitəsinin sədri Alixan Baymenov bu qurumun qarşıya qoyduğu məqsədlər haqqında danışıb, elektron hökumətin fəaliyyət istiqamətləri barədə məlumat verib və tədbirin bərabər tərəfdaşlıq (“peer-to-peer”) prinsipləri əsasında təşkil edildiyini bildirib. O, bu prinsipin elektron hökumətin formalaşdırılması və inkişafı üçün faydalı olacağını vurğulayıb.

İlk təqdimatla çıxış edən Estoniyanın Elektron İdarəetmə Akademiyası direktorunun müavini Hannes Astok ölkəsində elektron hökumət sahəsində qazanılan uğurlardan, vətəndaşlara təqdim olunan innovasiyalardan danışıb və Estoniyada əhaliyə xidmət sahələrinin böyük əksəriyyətinin elektronlaşdırıldığını diqqətə çatdırıb.

Eyni zamanda, Qazaxıstan, Özbəkistan və digər ölkə iştirakçıları təqdimatlarla çıxış edərək elektron hökumət sahəsində təcrübələrini bölüşüblər.

DİM-in əməkdaşı Rasim Mahmudov mərkəzinin elektron hökumətin inkişafı istiqamətində fəaliyyəti və bu qurum tərəfindən yaradılan elektron sistemlər haqqında ətraflı məlumat verib.

Sonra yekun nəticələr və Regional Xab çərçivəsində faydalı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə