Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi

Azərbaycan Alpaqut Federasiyasının (AAF) rəhbərliyi, məşqçi və idmançı heyəti talassemiyadan və hemofiliyadan əziyyət çəkən insanlar üçün yardım məqsədi ilə Mərkəzi Qanvermə Bankında qanvermə aksiyası keçirib. SİA xəbər verir ki, Aksiyada federasiyanın prezidenti Aqil Acalov, vitse prezidenti Nuranə Şıxəliyeva, birinci vitse prezidenti Qüdrət Nuriyev, “Aypara” sistemi üzrə koordinator Elşən Məmmədov və 30-a yaxın idmançı iştirak edib.

AAF-nın prezidenti Aqil Acalov bildirib ki, bu kimi aksiyalar birinci dəfədir keçirilmir və demək olar ki, ənənə şəklini alıb.”Federasiyamız hər il bənzər sosial layiəhləri təşəbbüskar olaraq reallaşdırır”-deyə qeyd edən Aqill Acalov həmçinin bildirib ki, bu, xeyriyyəçilik məqsədi ilə yanaşı cəmiyyətdə maarifləndirmə işini aparmağa istiqamətləndirilmiş aksiyadır: “Biz istəyirik ki, cəmiyyətimiz hər zaman talassemiyadan və hemofiliyadan əziyyət çəkən insanların, eləcə də uşaqların yanında olsunlar, onların talelərinə biganə yanaşmasınlar. Fürsətdən istifadə edərək, hər kəsi belə sosial layihələrdə iştirak etməyə səsləyirik. Çünki bu eyni zamanda bizim vətəndaşlıq və insaniyyətlik borcumuzdur”.

AAF-ın vitse prezidenti Nuranə Şıxəliyeva də bildirib ki, bu cür sosial layihələrin keçirilməsi, xüsusilə talassemiyadan əziyyət çəkən uşaqlar üçün bu kimi təşəbbüslərin reallaşdırılması vacibdir. “İlk növbədə, vətəndaş olaraq düşünürəm ki, talassemiyalı insanlar üçün belə kampaniyaları tez-tez keçirməliyik. Çünki bu gün dünyada bu xəstəlikdən əziyyət çəkən uşaqlar kifayət qədərdir”-deyə bildirən Nuranə Şıxəliyeva həmçinin qeyd edib ki, Azərbaycan dövləti istər talassemiyadan, istərsə də digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün çox böyük işlər görür, uğurlu səhiyyə məqsədli proqramlar icra edilir: “Bizlər isə hər zaman dövlətimizin yanında olaraq, vətəndaşlıq borcumuzu layiqincə təmsil etməliyik, öz təşəbbüslərimizlə fəallığımızı artırmalı, xeyriyyəçilik məqsədlərimizi davamlı olaraq həyata keçirməliyik. Hazırkı aksiyamız da məhz bu istiqamətə yönəlib və AAF gələcəkdə də həmin fəaliyyətini uğurla davam etdirməyi qarşısına məqsəd qoyub”.

Federasiyanın birinci vitse prezidenti Qüdrət Nuriyev də bu kimi aksiyalarda iştirak etməkdən məmnunluq hissi duyduğunu deyib. “Verilən hər bir qan bir xilas mənbəyidir”-deyə qeyd edən Qüdrət Nuriyev əlavə edib ki, bənzər təşəbbüsslərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcu olmaqla yanaşı, həm də humanizmə verdiyi dəyər olmalıdır: “Bu baxımdan, aksiyamıza qoşulan hər kəsə minnətdarlığımızı bildiririk”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə