AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetin professoru Zvi Ben-Avraham ilə görüşüb. AMEA-dan SİA-ya verilən xəbərə görə, görüşdə tərəflər arasında elmi əlaqələrin genişləndirilməsi, perspektiv əməkdaşlığa dair müxtəlif tədbirlərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlıq əlaqələrinin inkişaf mexanizmləri və imkanları müzakirə olunub.

Akademik Akif Əlizadə AMEA-nın elmi müəssisələri ilə İsrailin müvafiq elmi mərkəzləri arasında bilik, təcrübə mübadiləsinin aparılması, elmi-tədqiqat sahəsində birgə layihə və inkişaf proqramlarının həyata keçirilməsi, eləcə də elmi seminar və konfransların təşkilinin önəmli olduğunu vurğulayıb.

Səmimi qəbula görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən professor Zvi Ben-Avraham AMEA ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Tektonika, geodinamika və kolliziya prosesləri üzrə tanınmış ekspert Zvi Ben-Avraham israilli alimlərinin azərbaycanlı həmkarları ilə yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını deyib. Bu məqsədlə müştərək tədqiqatlar həyata keçirməyin zəruriliyini vurğulayan alim əməkdaşlığın hər iki ölkənin elmi üçün mühüm əhəmiyyət kəsb edəcəyini söyləyib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev iştirak ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə