Bilik Fondunda könüllülərin yeni klubu yaradıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun könüllülərdən ibarət növbəti klubu təsis olunub. Fondun Beynəlxalq layihələr sektorunun nəzdində fəaliyyət göstərəcək “Diplomatlar” Klubu müxtəlif universitetlərin tələbələrinin, gənc mütəxəssislərin çoxsaylı müraciətləri əsasında yaradılıb.

Fonddan SİA-ya verilən məlumata görə, müraciətlərdə bildirilib ki, gənclər Azərbaycanla xarici ölkələr arasında elm, təhsil, mədəniyyət sahələrində qarşılıqlı əməkdaşlığın daha da genişləndirliməsi, dövlət siyasətinin dolğun və obyektiv şəkildə beynəlxalq aləmə çatdırılması işində yaxından iştirak etmək istəyirlər. Bilik Fondunun rəhbərliyi onların təkliflərini müsbət dəyərləndirərək, klubun "Diplomatlar" adı altında fəaliyyət göstərməsi barədə qərar verib.

Əsasən universitetlərin beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadr hazırlığı həyata keçirən fakültələrində təhsil alan tələbələrin cəlb olunduğu klubun üzvləri Bilik Fondunun icaçı direktoru Oktay Səmədovla görüşüblər. Görüşdə "Diplomatlar" Klubunun təsis edildiyi elan olunub, perspektivə hesablanan fikir mübadiləsi aparılıb.

O.Səmədov tələbələrə Fondun layihələri haqqında ətraflı məlumat verdikdən sonra klubun fəaliyyət dairəsi, strategiyası, məqsəd və məramı ətrafında fikir mübadiləsi aparılıb.

İcraçı direktor Fondun Ölkədaxili layihələr sektorunun nəzdində "Tariximizi öyrənək və öyrədək" Gənclər Klubunun, İnformasiya təminatı sektorunun nəzdində "Gənc jurnalistlər" Klubunun fəaliyyət göstərdiyini xatırladaraq, bu klubların gördüyü işlərdən danışıb.

Görüşdə vurğulanıb ki, "Diplomatlar" klubu gənclərin ictimai-siyasi fəallığının artırılması, dünyagörüşlərinin genişləndirilməsi, beynəlxalq nüfuzu daim artan dövlətimizin dünya siyasi arenasında yeri və rolunun təbliği, xarici ölkələrin, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşlərin keçirilməsi, tanınmış azərbaycanlı diplomatların təcrübəsinin öyrənilməsi, beynəlxalq münasibətlərin aktual problemləri ətrafında mütəxəssislərin iştirakı ilə müzakirələr və “dəyirmi masa”ların, gənclər arasında intellektual müsabiqələrin təşkili məqsədi ilə yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə