KİVDF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Müşahidə Şurasının sədri Həsən Həsənov iclası giriş sözü ilə açaraq gündəlik barədə məlumat verib:

1. Fondun 2018-ci ilin I yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanının müzakirəsi və təsdiqi;

2. Cari məsələlər.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdəki məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

İcraçı direktor 2018-ci ilin birinci yarısı üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası" əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib. V.Səfərli dekabrın 8-dən 25-dən keçiriləcək müsabiqə elanının şərtlərində nəzərdə tutulan dəyişikliklər barədə Müşahidə Şurası üzvlərinə məlumat verib. İcraçı direktor bildirib ki, təklif olunan dəyişikliklərə əsasən müsabiqədə iştirak edəcək qəzet redaksiyaları əməkdaşlarının sayı barədə məlumat verməli, habelə sənəd təqdim edəcək gündəlik və həftəlik qəzetlərin səhifələrinin sayı 16-dan (A3 formatda) az olmamalıdır.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər. Şuranın sədri Həsən Həsənov, üzvlərdən - Camaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Daha sonra müsabiqənin elanı təklif olunan əlavə və dəyikliklərlə səsə qoyularaq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor Vüqar Səfərli Fondun perspektiv fəaliyyət istiqamətləri barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə