ƏƏSMN-da Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin direktoru ilə görüş olub FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Diplomatik Akademiyasının (ADA) dəvəti ilə ölkəmizdə səfərdə olan Vaşinqton Universitetinin Sosial İnkişaf Mərkəzinin təsisçisi və direktoru, professor Maykl Şerradenlə görüş olub.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, görüşdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də iştirak edib.

M.Şerraden sosial inkişaf, habelə innovasiyaların test edilməsi və onların dövlət siyasətinə təsirləri üzrə səmərəli elmi araşdırmaları ilə dünyada tanınan alimlərdən biridir. O, “Kapital və yoxsul əhali təbəqəsi”, “Amerikan arzusuna daxilolma” “Yoxsul əhali qənaət edə bilərmi?” (Mark Şreyner ilə birgə), “Aktivlərin yaradılması və aşağı gəlirli ailələr” kitabları ilə dünyada aztəminatlı ailələr üçün aktivlərin yaradılması sahəsində aparıcı alim hesab olunur. Eləcə də M.Şerradenin həmmüəllifi olduğu “Milli Xidmət”, “Müharibənin mənəvi ekvivalenti”, “Məhsuldar yaşlanma”, “Dünyada ictimai iş” kitabları sosial sahədə aktual mövzularda dərin elmi araşdırmaları əhatə edirlər. ABŞ və bir çox başqa ölkələrdə sosial siyasətlərin hazırlanmasında öz məsləhətlərini verən M.Şerraden 2010-cu ildə məşhur “Time” jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 nəfərindən biri hesab edilib. O, həmçinin Corc Varen Braun Universitetinin professorudur.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin güclü sosial siyasətlə tamamlandığını vurğulayıb. Nazir respublikada sosial rifah halının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, insan kapitalının inkişafı istiqamətində aparılan kompleks tədbirlər, icra olunan sosial proqramlar, əmək və sosial müdafiə sistemində həyata keçirilən islahatlar barədə M.Şerradenə məlumat verib.

S.Müslümov Azərbaycanda aparılan sosial müdafiə siyasətində aktiv tədbirlərə xüsusi önəm verilməklə məşğulluq amilinin ön planda dayandığını qeyd edib. Nazir bildirib ki, aztəminatlı ailələrin yoxsulluqdan kiçik ailə biznesinə keçidinə imkan yaradılması əsas hədəflərdəndir. Ölkəmizdə dövlət səviyyəsində icra olunan özünüməşğulluq proqramı vasitəsilə aztəminatlı ailələrin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmaları üçün onların aktivlər formasında dəstəklənməsi təmin edilir. Cari ildə 1232 aztəminatlı ailə həmin proqram çərçivəsində öz kiçik ailə biznesini qurub və bu sahədə ölkəmizdə ilkin təcrübə müsbətdir. Növbəti ildən tətbiqinə başlanılacaq işsizlikdən sığorta sisteminin yaratdığı maliyyə vəsaitlərinin 40%-ə qədəri bu proqramın genişləndirilməsinə yönəldiləcək və cari ildə olduğundan təqribən 5 dəfə çox aztəminatlı ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulub. Bunun nəticəsində nəinki aztəminatlı ailələrin sosial yardım asılılığından çıxmasına, onların gələcəkdə fəal vergi və sosial sığorta ödəyicilərinə çevrilmələrinə də şərait yaradılmış olur.

S.Müslümov ötən il ölkəmizdə səfərdə olmuş Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusla da nazirlikdə görüşün keçirildiyini, belə görüşlər zamanı aparılan fikir mübadilələrinin və məsləhətləşmələrin sosial siyasətin elmi yanaşmalar əsasında təkmilləşdirilməsində əhəmiyyətli olduğunu vurğulayıb, M.Şerradenlə də nazirlikdə görüşün təşkilindən məmnunluğunu ifadə edib.

M.Şerraden Azərbaycanda şahidi olduğu inkişaf proseslərinin, xalqımızın qonaqpərvərliyinin, yüksək mənəvi keyfiyyətlərinin onda xoş təəssüratlar yaratdığını qeyd edib. O, ölkəmizin məqsədyönlü sosial-iqtisadi inkişaf tempinə, uğurlu islahatlar proqramına malik olduğunu bildirib, sosial müdafiə siyasətinin aktiv tədbirlərə üstünlük verilməsi şəraitində inkişaf etdirilməsini yüksək dəyərləndirib.

Görüş ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara, əmək resurslarının məşğulluq imkanlarının artırılması, inklüziv əmək bazarının inkişafı, aztəminatlı ailələrinin özünüməşğulluğunun və biznesə çıxışının dəstəklənməsi sahələrində görülən işlərə, bu sahələrdə perspektiv inkişaf istiqamətlərinə dair fikir mübadilələri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə