Baş prokuror Bərdədə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov noyabrın 24-də Bərdə Rayon Prokurorluğunun inzibati binasında Mingəçevir şəhərindən, Bərdə, Yevlax, Ağdaş, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, qəbuldan əvvəl baş prokuror Zakir Qaralov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu Öndərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 17 vətəndaş qəbul edilib. Onların müraciətlərində qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb.

Qəbul zamanı, həmçinin müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə