Sankt-Peterburqda gənc jurnalistlərin beynəlxalq media-forumu başa çatıb

Noyabrın 23-də Sankt-Peterburqdakı Dövlət Ermitajında Avrasiyanın gənc jurnalistlərinin XII illik “Mədəniyyətlərarası dialoq” beynəlxalq media-forumu işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, media-forumun sonuncu günü iştirakçılara Ermitajın bütün zallarında və fondunda çəkiliş aparmağa, həmçinin təşkilat komitəsinin dəstəyi ilə Sankt-Peterburq haqqında məxsusi reportaj hazırlamağa imkan yaradılıb.

Media-forumun təşkilatçıları onun keçirildiyi yer kimi Dövlət Ermitajının seçilməsinin təsadüfi olmadığını bildiriblər. Məhz burada, muzeyin zallarında artıq 250 il ərzində müxtəlif ölkələrin və xalqların mədəniyyətləri arasında dialoq gedir. Sankt-Peterburqa çatanadək yüzlərlə, minlərlə kilometr yol qət edən gənc jurnalistlər yaşlarından, hansı millətə mənsubiyyətindən asılı olmayaraq, “Ermitaj dayanacağı”nda böyük media hadisəsinin iştirakçısına çevrilirlər. Onlar birgə səylərlə media-çağırışlara cavab tapır, özlərinin transsərhəd layihələrini hazırlayır, dünyanın müxtəlif ölkələrindən olan həmkarlarının təcrübəsini mənimsəyir, yeni dostlar qazanırlar.

Media-forumun mövcud olduğu 11 il ərzində şəhərin həyatı və muzey barədə minlərlə məqalə, reportaj, fotoşəkillər hazırlanıb. Onlarca sənədli film “Ermitaja sevgi ilə” (2015-ci il) və “Ah, Ermitaj” (2017-ci il) lentlərinin əsasını təşkil edib. Bu filmlər Rusiyada olduğu kimi, xaricdə də böyük rəğbət qazanıb. “Ermitaja sevgi ilə” sənədli filmi dəfələrlə Rusiya və beynəlxalq kinofestivalların laureatı olub. Filmin davamı olan “Ah, Ermitaj” lenti isə “Parisdə media-tətillər” layihəsi çərçivəsində 2017-ci ilin iyununda yayım üçün Fransanın “TF1” və “France 2” kanallarına verilib.

Xatırladaq ki, noyabrın 21-dən 23-dək Sankt-Peterburqda Avrasiyanın gənc jurnalistlərinin XII illik “Mədəniyyətlərarası dialoq” beynəlxalq media-forumu keçirilib. Builki media-forumda dünyanın təqribən 40 ölkəsini və Rusiyanın 30 regionunu təmsil edən 370-dən çox jurnalist iştirak edib. Media-forumda ölkəmizi AZƏRTAC-ın müxbiri Pərvanə Rəhimova, Azərbaycan Televiziyasının Rusiyadakı müxbir bürosunun rəhbəri Zakir Musayev, Day.az saytının baş redaktoru Emin Əliyev təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə