Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XIII Ali səviyyəli toplantısı başa çatıb

VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi ilə Yunanıstanın paytaxtı Afinada keçirilən “Avro-Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusuna həsr olunmuş XIII Ali səviyyəli toplantı bu gün işini yekunlaşdırıb.

Bügünkü panel iclaslarda Avro-Aralıq dənizi Tərəfdaşlığı çərçivəsində 21-ci əsrdə sülh üçün humanist cəmiyyətlər, multikulturalizm və mədəniyyətlərarası dialoqa nail olmaq üçün Ortaq Fəaliyyət Planı müzakirə olunub. İclasda Avro-Aralıq dənizi tərəfdaşlığının tarixi haqqında məlumat verilib, tərəflərin müxtəlif sahələrdə əməkdaşlığlndan bəhs olunub, mədəniyyətlərarası dialoqun vacibliyi vurğulanıb. Kimlik məsələsinin əsas problemlərdən olduğunu vurğulayan çıxış edənlər “Avropada yaşamaq yox, onun mədəniyyətini, tolerantlğını qəbul etməklə avropalı olmaq mümkündür”- deyə bildiriblər.

Miqrasiya axınına gəlincə, qeyd olunub ki, Avro-Aralıq dənizi tərəfdaşlığına daxil olan ərazilər şərq və qərb arasında strateji mövqedə olduğundan miqrasiya axınları ilə bağlı problemlər bu ərazilərdə daha çox baş verir. İclasda problemin həll yolları ilə bağlı təkliflər və ideyalar səsləndirlib. Böhranın aradan qaldırılması üçün Avropanın konkret mexanizm qəbul etməsinin vacibliyi vurğulanıb, dövlətlərin, təşkilatların və insanların verə biləcəyi töhfələr diqqətə çatdırılıb.

Müzakirələrdə Aralıq dənizi ölkələrinin hələ də bir çox problemlərin qarşısında aciz qalması, narkotik klanları ilə mübarizənin davam etdiyi bildirilib. Miqrant axınları ilə bağlı problemlərin yaranma səbəbi kimi bəzi Avropa ölkələrində hələ də qaçqınlara qarşı olan stereotiplərin qalması göstərilib.

Tədbirdə dünyada yeni yaradılan enerji layihələrinin əhəmiyyəti, Azərbaycanın da bu sahadə verdiyi böyük töhfələr barədə də danışılıb.

Qeyd edək ki, toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri və digər qonaqlar iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə