Əli Məsimli: "Yaşayış minimumu hesablananda bazardakı qiymətlər nəzərə alınmalıdır"

"Yaşayış minimumunun hesablanması zamanı müasir metodologiyadan istifadə olunmalıdır". SİA-nın xəbərinə görə, bunu bu gün keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, yaşayış minimumu hesablananda bazardakı proseslər, qiymətlər nəzərə alınmalıdır: "Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır. Çünki qiymətlər artır”.

Millət vəkili ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmamasından narazılıq edib: “Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını təklif edirik. Ehtiyac meyarı yaşayış minimumunun 68% səviyyəsinə enib. Ehtiyac meyarını ona görə artırmırlar ki, ölkədə ünvanlı sosial yardım alan insanların sayı artacaq”.

Bu məsələyə münasibət bildirən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, yaşayış minimumundan asılı olmayaraq, ölkədə əmək haqları artırılır.

S.Həsənova yaşayış minimumunun hesablanma qaydasına da aydınlıq gətirib. O bildirib ki, yaşayış minimumunun hesablanması qaydası beynəlxalq praktikaya uyğundur: “Azərbaycanda yaşayış minimumu 2014-cü ildən hesablanır. Yaşayış minimumu minimum istehlak səbətindən və icbari ödənişlərdən ibarətdir. Qanuna görə, yaşayış minimumu hər 3 ildən bir baxılır. Hazırda İqtisadiyyat Nazirliyində birgə komissiya yaradılıb. Biz Dünya Bankının ekspertlərini cəlb etməklə birlikdə minimum istehlak səbətinin və metodikanın ekspertizasını keçiririk”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə