Nazir müavini: "Pensiyaların orta aylıq məbləği 6,9 faiz artacaq"

"Gələn il əmək pensiyaları üzrə xərclərdə 193,2 mln. manat artım, məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 16,3 mln. manat azalma və digər xərclər üzrə - 1,9 mln. manat artım gözlənilir. Bu artımların və azalmanın hər biri üzrə əsaslandırılmış hesablamalar mövcuddur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zəfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib.

O bildirib ki, 2018-ci ildə əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97,5%-ni təşkil edərək 3 mlrd. 407 mln. manat proqnozlaşdırılır: "Pensiya xərclərində artımın 178 mln. manatı cari ilin 1 iyul tarixindən qüvvəyə minmiş yeni qaydaya əsasən qulluq stajına görə əlavə çıxılmaqla əmək pensiyalarının bütün məbləğinin ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi üçün nəzərdə tutulub"

Onun sözlərinə görə, Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 6,9% artaraq 216,5 manat təşkil edəcək.

Nazir müavini əlavə edib ki, 2018-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 88,1 mln. manatdır ki, bu da cari ilin büdcəsi üzrə proqnoza nisbətən 15,6% və ya 16,3 mln. manat azdır. İ.İsayev vurğulayıb ki, bu azalma “İşsizlikdən sığorta haqqında” qanununun qüvvəyə minməsi ilə əlaqədar 2018-ci ildən etibarən işsizliyə görə müavinət xərclərinin Fondun büdcəsi üzrə sosial sığorta haqları hesabına maliyyələşən xərclərin tərkibindən çıxarılaraq işsizlikdən sığorta fondunun büdcəsinə keçirilməsi ilə bağlıdır.

“2018-ci ildə digər xərclər 83,7 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da 2017-ci ilin proqnozuna nisbətən 2,3 faiz və ya 1,9 milyon manat çoxdur. Bu sahədə xərc artımı tətbiq olunan proqram təminatlarının yenilənməsi, bu məqsədlə zəruri avadanlıqların alınması üçün Fondun aparatının saxlanması üzrə nəzərdə tutulan 1,5 milyon manatlıq artım, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə həyata keçirilən xərclərdə proqnozlaşdırılan 0,9 milyon manatlıq artım və pensiya və müavinətlərin əhaliyə çatdırılması üzrə bank xərclərində proqnozlaşdırılan 0,5 milyon manat məbləğində azalma ilə bağlıdır”, - deyə nazir müavini vurğulayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə