DSMF-nin gələn il üçün gəlirlərinin 5,3 faiz artacağı proqnozlaşdırılır

"Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlirləri 3 milyard 578,8 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin proqnoz göstəricisindən 178,8 milyon manat və ya 5,3 faiz çoxdur”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə büdcə zərfinə daxil olan layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Dövlət Soaial Müdafiə Fondunun 2018-ci il üzrə büdcəsi haqqında məlumat verərkən deyib. Nazir müavini bildirib ki, Fondun gəlirləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və Fondun büdcəsinin balanslaşdırılması üçün dövlətin pensiya öhdəliklərinin bir hissəsinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən verilən vəsaitlərin məcmusundan ibarətdir.

Nazir müavini bildirib ki, gəlirlərin 63,5%-nin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bunun da məbləği 2 mlrd. 273,3 mln. manat olmaqla 2017-ci ilin proqnozu ilə müqayisədə 7% və ya 148,3 mln. manat çoxdur: "“2018-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 62 faizi və ya 1,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da cari ildə proqnozlaşdırılan daxilolmalardan 108,3 milyon manat və ya 8,3 faiz yuxarıdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 60 milyon manat və ya cari ilin proqnoz göstəricisindən 5,6 milyon manat çoxdur”.

İ.İsayev dövlət büdcəsindən ayırmaların proqnozundan da danışıb: ”Məlum olduğu kimi, pensiya qanunvericiliyində edilmiş konseptual dəyişikliklərdən biri də tam sığorta prinsipinin tətbiqi şəraitində pensiya sisteminin maliyyələşmə qaydasının dəyişdirilərək öhdəliklərin maliyyə mənbələri əsasında fərqləndirilməsi ilə bağlıdır. Bu əsasda pensiya xərclərinin 1992-ci ilin 1 yanvarından əvvəlki dövrə aid hissəsi və əmək pensiyasına əlavələrin formalaşdırdığı dövlət öhdəliklərinin dövlət büdcəsindən maliyyələşdirilməsi, bununla da pensiya sisteminin sığorta təminatı olmayan maliyyə yükünün minimallaşdırılaraq, resurs potensialının gücləndirilməsi nəzərdə tutulub. Yeni maliyyələşmə prinsipinin tətbiqi məqsədilə pensiya xərclərinin dövlət öhdəliklərinə aid hissəsinin tam qiymətləndirilməsi aparılıb, bununla yanaşı 1992-ci ilə qədərki dövrə aid öhdəliyin 1 milyon 330 min pensiyaçının hər biri üzrə ayrıca araşdırılaraq ümumi məbləğinin dəqiqləşdirilməsi üçün Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi ilə Maliyyə Nazirliyinin birgə komissiyasının yaradılması nəzərdə tutulub. Bu iş başa çatdırılana qədər Fondun büdcəsinin balanslaşdırılma prinsipi ilə tərtib olunması və bu məqsədlə dövlət öhdəliklərinin bir hissəsinin Fondun büdcəsinə yönəldilməsi nəzərdə tutulub. Bu əsasda 2018-ci ildə dövlət büdcəsinin öhdəliklərindən Fonda yönəldilən vəsait 1 milyard 300 milyon manat təşkil edəcək ki, bu da 2017-ci ilin büdcə göstəricisi ilə müqayisədə 30 milyon manat və ya 2,4 faiz artmaqla növbəti ildə proqnozlaşdırılan illik xərcin 36,3 faizinin, yəni cari ildəkindən 1,1 faiz bəndi aşağı olan hissəsinin maliyyələşməsinə sərf olunacaq. Gəlirlərin artım qaydasından göründüyü kimi, növbəti il üçün Fondun xərclərində nəzərdə tutulan 178,8 milyon manatlıq artımın 83 faizi sosial sığorta haqları hesabına qarşılanacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə