"Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var"

Yüksək Səviyyəli Afina Toplantısının birinci panel sessiyası miqrasiya probleminə həsr olunub

Noyabrın 22-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Yüksək Səviyyəli Toplantı “Miqrasiya problemi xüsusi Avro-Aralıq dənizi problemi kimi” mövzusunda panel sessiya ilə işini davam etdirib.

Slovakiyanın sabiq Baş naziri İveta Radiçovanın moderatorluğu ilə keçirilən paneldə “Miqrant axınları necə idarə oluna bilər? “Balanslaşdırılmış miqrasiyaya nail olmaq üçün hansı ölçülər götürülməlidir?” sualları ətrafında fikir mübadiləsi aparıldı.

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin sessiyada çıxış edərək dedi ki, miqrasiyanın bugünkü vəziyyəti ciddi narahatlıq doğurur. Bu gün baş verən miqrant böhranı müharibələr, münaqişələr və iqlim dəyişikliyinin nəticəsidir. “Biz bu gün davamlı problemlərlə üzləşirik. Milyonlarla insanın əziyyət çəkməsi davam edir. Biz nə etməliyik? İlk növbədə, bu insanlara kömək etmək üçün öz səylərimizi birləşdirməliyik. Hər bir səyi dəyərləndirməliyik. Miqrantlarla bağlı problemləri həll etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını təmin etməliyik. Bu məqsədlərə nail olmaq üçün hərtərəfli fəaliyyət göstərməliyik”, - deyə H.Çətin əlavə etdi.

Sabiq nazir dedi ki, Türkiyənin miqrasiya böhranı mövzusunda Avropa İttifaqı ilə əməkdaşlığı davam edir. Miqrant axını nəticəsində insanların üzləşdiyi məhrumiyyətlərdən, yüksək insan itkisindən danışan H.Çətin bildirdi ki, Türkiyə öz ərazisində 3,3 milyon miqrantı yerləşdirib. Türkiyə bu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün bütün səylərini ortaya qoyur, onların cəmiyyətdə iştirakını təmin etməyə çalışır.

Keçmiş xarici işlər naziri, həmçinin çıxışında qeyd etdi ki, bu gün bütün dünyada Avropa dəyərləri deyilən bir məfhum dillər əzbəridir. Lakin biz soruşmalıyıq: Avropa dəyərləri həqiqətən də dəyərlərdirmi? Müasir dövrümüzdə bu dəyərlərlə bağlı ciddi problemlər mövcuddur və bu dəyərlərin qorunması üçün kifayət qədər fəaliyyət göstərilmir. Bu gün Azərbaycan Avropada ən böyük qaçqın və məcburi köçkün problemi ilə üzləşən ölkədir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Azərbaycanın ərazilərinin bir hissəsi Ermənistan tərəfindən işğal edilib. Dünya ictimaiyyəti, eləcə də Avropa dəyərlərini təbliğ edən ölkələr bu problemin həllinə lazımi diqqəti göstərmirlər.

BMT baş katibinin sabiq müavini Noelin Heyzer çıxışında miqrasiya probleminin ilk səbəbi kimi davam edən uzunmüddətli münaqişələri göstərdi. O qeyd etdi ki, dövlətlər bu problemlərin həlli üçün öz üzərlərinə öhdəliklər götürməlidirlər, çünki bizim cəmiyyətlər bu qədər genişmiqyaslı miqrant axınına hazır deyil. Asiyadan Avropaya üz tutan miqrantların münaqişəyə cəlb olunan ölkələrdən gəldiyini deyən natiq miqrant axını ilə bağlı qlobal səviyyədə yeni çərçivələrin formalaşdırılmasının vacibliyini söylədi.

Yunanıstanın Pireus şəhərinin meri Yannis Moralis bildirdi ki, bu panelin onun ölkəsində də aktual olan miqrasiya probleminə həsr olunması çox yaxşı haldır. Bu gün miqrant böhranının həllinə mane olan millətçilik, populizm kimi anlayışların və radikal meyillərin ölkələr üçün təhlükəli olduğunu qeyd edən mer cəmiyyətdə, ilk növbədə, bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu vurğuladı. O, həm miqrantlar, həm də miqrantları qəbul edən cəmiyyətlər üçün hazırda mövcud olmayan yeni təhlükəsizlik mühiti yaradılmalı olduğunu diqqətə çatdırdı.

Macarıstanın keçmiş Baş naziri Peter Medqyeşşi isə qeyd etdi ki, miqrasiya problemi heç də həllolunmaz bir problem deyil. Bunun üçün uzunmüddətli müzakirələrə, səbrə, çox işləməyə ehtiyac var. Biz sərhədlərin mühafizəsini gücləndirməliyik. Həqiqətən də qorunmağa ehtiyacı olan miqrantları qəbul etməliyik.

Natiq qeyd etdi ki, İkinci Dünya müharibəsindən sonra qəbul edilmiş Şuman planına bənzər yeni bir plana ehtiyac var. Belə ki, qəbul olunan miqrantlar üçün, ilk növbədə, infrastruktur yaxşılaşdırılmalıdır, onlar normal təhsil, səhiyyə, əmək bazarına çıxışla təmin olunmalıdırlar. Bu istiqamətdə Avropanın üzərinə öhdəlik düşür ki, yeni təşəbbüslərlə çıxış etsin. O, hər il Bakıda keçirilən Qlobal forumların bu cür aktual problemlərə böyük töhfə verdiyini diqqətə çatdırdı.

Rasizmə Qarşı Avropa Şəhərləri Koalisiyasının prezidenti Βenedetto Zakkiroli bildirdi ki, miqrant axını bu gün təkcə Avropada deyil, bütün dünyada mövcuddur. Lakin Avropada bu problem daha çox mənfi kontekstdə şərh olunur, ksenofob və radikal meyilli siyasi qüvvələr bu mövzudan məharətlə yararlanırlar.

Avropaya gələn qaçqınların Avropa əhalisinin heç bir faizini təşkil etmədiyini bildirən B.Zakkiroli bir çox Avropa ölkələrində və ümumən cəmiyyətdə qaçqınlara, onların problemlərinə və Avropaya üz tutmalarına səbəb olan köklü problemlərə arzuolunan diqqətin göstərilmədiyini qeyd etdi. O, Türkiyə və Livan kimi ölkələrin qaçqın qəbulunda bütün Avropadan daha çox işlər gördüyünü diqqətə çatdıraraq, yerli əhalinin sayı ilə nisbətdə hər iki ölkənin Avropa ilə müqayisədə daha çox qaçqına qucaq açdığını vurğuladı. Koalisiyanın rəhbəri çıxışının sonunda qeyd etdi ki, insanların müxtəlif səbəblərdən yerdəyişməsi və miqrant axını əbədidir və hər zaman mövcud olacaq. Eyni zamanda, bu axınlar təkcə siyasi səbəblərdən baş vermir. Müharibələrlə yanaşı, iqlim dəyişiklikləri və iqtisadi böhranlar miqrant axınına ciddi təsir göstərir. Vacibdir ki, bu axınların yaranma səbəbi və düzgün istiqamətlənməsi ilə bağlı beynəlxalq ictimaiyyət vaxtında doğru qərarlar qəbul edə bilsin.

Toplantı işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə