Bakı Atatürk Liseyində Turan Yazqanın xatirəsi anılıb

Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) qurucusu, prof.dr Turan Yazqanın vəfatından beş il ötür. Ötən illərdə olduğu kimi, bu dəfə də Turan Yazqanın vəfatının növbəti ildönümü ərəfəsində Türkiyədə və Azərbaycanda müxtəlif tədbirlər keçirilir. SİA-nın verdiyi məlumata görə, bu tədbirlərdən biri də Bakı Atatürk Liseyində keçirilib.

Mərhumun oğlu, Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın, Makedoniya Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hocanın və Makedoniyadan gəlmiş digər qonaqların, Türk Dünyası İşlətmə fakültəsinin baş müəllimi Nəriman Xanəhmədovun, KİV təmsilçilərinin, həmçinin liseyin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbir Turan Yazqanın xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, həmçinin Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.

Sonra çıxış edən liseyin müdiri Hüseyn Dəmirəl mərhum Turan Yazqanla bağlı xatirələrini dilə gətirib. Turan Yazqanın türklük sevdalısı olduğunu bildirən liseyin müdiri bu məktəbin də onun bir yadigarı olduğunu deyib.

Çıxış edən TDAV başqanı Közhan Yazqan "Rəhmətlik Turan Yazqan hocamızın xüsusi bir önəm verdiyi, "göz bəbəyim" adlandırdığı Bakı Atatürk Liseyində onun xatirəsinə həsr olunmuş tədbirdə çıxış etmək məndə qürur və həyəcan doğurur" deyib.

Közhan Yazqan bildirib ki, Turan Yazqan həyatını türklüyə, Türk dünyasına həsr etdi. Bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmaları Vəqfi onun bizə buraxdığı ən böyük əmanətdir: "Turan Yazqan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasını və Mustafa Kamal Atatürkün "Türk birliyinə inanır və onu görürəm" sözlərini özünə bayraq edərək mücadiləsini bu istiqamətdə davam etdirib. Turan birliyi atamın arzuladığı bir ideya olmaqla yanaşı, həmçinin Mustafa Kamal Atatürkün türk gənclərinə bir nəsihəti idi. Yəni, bu mənada atamın fikri belə

idi ki, Atatürkün gördüyü türk birliyini hər bir türk gənci mütləq görməlidir. Bu istiqamətdə də çalışmalıyıq. Türk Dünyası Araşdırmaları Vəqfi də bu istiqamətdə çalışmaqdadır".

Makedoniyadakı Beynəlxalq Vizyon Universitetinin rektoru Fadil Hoca isə "Rəhmətlik Turan hocamız həyatını Türk dünyasının birliyinə, bütövlüyünə həsr etmişdi. O, bu yolda yorulmadan çalışdı və bizlərə bir örnək qoyub getdi. Bizlər də Turan hocanın yolu ilə gedərək, bu yolda üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacağıq" deyib.

Tədbir Turan Yazqana həsr olunmuş videofilmin nümayişi və liseyin şagirdləri tərəfindən türklüyə həsr olunmuş şeirlərin səsləndirilməsi ilə davam etdirilib.

Sonda lisey şagirdləri arasında Turan Yazqana həsr olunmuş inşa müsabiqəsinin qalibi mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə