Azay Quliyev: "Büdcədən QHT-lərə ayrılan vəsait artırılsın"

“Bu gün bizim səfirliklərimiz texniki və maddi təminat baxımından çətinliklər çəkirlər. Xüsusilə də Azərbaycanın milli və dövlət bayramlarının, mühüm tədbirlərinin keçirilməsi üçün onların büdcələri çox aşağıdır. Hətta səfirliklərdə sürücülük ştatları da ləğv olunub. Belə bir vəziyyətdə bu məsələyə bir daha qayıtmalıyıq. Düşünün ki, bəzən səfir sürücü funksiyasını yerinə yetirmək məcburiyyətində qalır. Mənə elə gəlir ki, Azərbaycanı xaricdə təmsil edən qurumlara diqqət daha da artırılmalıdır. Heç olmasa hər bir səfirliyə bir sürücü ştatı verilməlidir". SİA-nın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən deputat Azay Quliyev deyib.

Deputat bildirib ki, 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan vəsait təxminən 1,6 milyon manat azaldılıb: “Çox təəssüf ki, 2018-ci ilin dövlət büdcəsindən də heç bir artım nəzərdə tutulmayıb. Əvvəlki 5 milyon manat vəsait qalıb. Düşünürəm ki, bu məsələyə ciddi yanaşmalıyıq. Nəzərə alsaq ki, Azərbaycanda 3 mindən çox QHT-ı qeydiyyata düşüb. Verilən vəsaiti isə hər QHT arasında bölsək, hər birinə 1000-1300 manat vəsait düşür. Bir il ərzində bu vəsaitlər QHT-lər hansı işləri yerinə yetirə bilərlər? Həm də onu nəzərə almaq lazımdır ki, QHT-lərin bir çox layihəsi ölkədən kənarda icra olunur. Manatın devalivasiyasından sonrakı baş vermiş dəyişikliklər isə bizim xərclərimizi iki qat artırır. Ona görə də hesab edirəm ki, biz bunlara çox böyük diqqətlə yanaşmalıyıq”.

A.Quliyev qeyd edib ki, 2018-ci il önəmli hadisələrlə və siyasi tədbirlərlə zəngindir: “Gələn il AXC-nin 100 illik və Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyini təntənəli şəkildə qeyd edəcəyik. Eyni zamanda 2018-ci ilin oktyabrında prezident seçkilərinin keçirilməsi gözlənilir. Hər kəs bilir ki, QHT-lər bu proseslərdə aktiv rol oynayırlar. Seçkilərin monitorinqinin həyata keçirilməsində müəyyən funksiyaları yerinə yetirməlidirlər. Hesab edirəm ki, bu msələyə baxmalıyıq və imkan daxilində köməklik etməliyik. QHT-lər Azərbaycanın müstəqilliyinə geniş töhvə verən institutlardır. Biz bu gün bunlara sahib durmasaq, maliyyələrini lazımi şəkildə ödəməsək, şübhəsiz ki, kənardan müdaxilələr olacaq və bu boşluqlar kənar qüvvələr tərəfindən doldurulacaq. Hesab edirəm ki, maliyyə naziri Samir Şərifovdan xahiş etməklə, növbəti ildən bu dəyişikliklərə getmək olar”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə