Şahin İsmayılov: "Gənclər evləri üçün vəsait artırılmalıdır"

“Büdcədə bölgələrdəki Gənclər evləri üçün vəsait artırılmalıdır. Çünki Gənclər evləri bölgələrdə gənclər siyasətinin həyata keçirilməsində əsas rol oynayır. Növbəti il daha 20 Gənclər Evi də Gənclər və İdman Nazirliyinin balansına veriləcək. Onlara dəstək lazımdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı deputat Şahin İsmayılov deyib.

Deputat iqtisadiyyat və təhsil nazirliklərinə müraciət edərək bildirib ki, təhsil müəssisələrində biznes inkubatorlarının yaradılmasına dəstək versinlər: “Müasir dövrdə biznes inkubatorlar və startap layihələri iqtisadiyyata böyük töhfələr verir, milyonlarla dollar gəlir gətirir. Azərbaycanda çox peşəkar, savadlı gənclər var. Bu məsələyə sistemli yanaşma olsa, gələcəkdə dünya miqyasında layihələr ortaya qoyula bilər”.

Ş. İsmayılov ölkədəki özəl bağçalarda say tərkibi və təhsilin keyfiyyəti ilə bağlı monitorinqlərin aparılmasını da təklif edib. O, müvafiq strukturları seçildiyi Beyləqan rayonunun Şahsevən və digər kəndlərində qazlaşma və içməli su problemlərinin həllinə çağırıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə