Deputat: "Büdcədə təbii fəlakətlərə ayrılan vəsaitlərə yenidən baxılsın" TƏKLİF

“2018-ci il üçün dövlət büdcəsi müvafiq qanunauyğun olaraq hazırlanıb. Büdcə layihəsi vətəndaşların yaxşı yaşaması və sosial yönümlüdür. Növbəti ildə qeyri-neft sektorunun gəlirlərinin bu illə müqayisədə 20 faiz artması nəzərdə tutulub. Bu, ölkə iqtisadiyyatımızın inkişafının göstəricisidir”. SİA-nın xəbərinə görə, bunu Millət vəkili Musa Qasımlı parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, yeni büdcəyə əsasən bölgələrimizin özünü maliyyələşdirilməsi rayonlarımızın və orada yaşayanların sosial vəziyyətinin daha da yaxşılaşmasına xidmət göstərəcək.

Deputat çıxışı zamanı bir sıra təkliflər də irəli sürüb: “Bildiyiniz kimi prezidentin müəyyənləşdiyi strategiya əsasında həyata keçirilən işlər nəticəsində ölkəmizdə qida sənayesi sahəsində müəyyən işlər görülüb. Lakin yüngül sənaye sahələrinin yaradılması ilə bağlı işlər görülməlidir. Bu sahənin yaradılması yeni iş yerlərinin açılması, sosial problemlərinin aradan qaldırılmasına və digər məsələlərə gətirib çıxara bilər”.

M. Qasımlı gələn ilin dövlət büdcəsində təbii fəlakətlərlə bağlı ayrılan vəsaitlərə yenidən baxılmasını təklif edib: “ Bildiyiniz kimi bu gün dünyda təbii fəlakətlər, zəlzələlər, daşqınlar baş alıb gedir. Bu ölkəmizdəndə yan keçmir. Bu baxımdan düşünürəm ki, fövqəladə hallarla bağlı vəsaitələrə bir daha baxılsın”.

Deputat çıxışında 2018-ci ilin büdcəsində ölkəmizdə dəmiryolu sistemində müasirləşmənin aparılması ilə bağlı vəsaitlərin artırılması təkifini də irəli sürüb: “Bildiyiniz kimi Bakı-Tbilisi-Qars dəmiryolunun açılması bir sıra məsələlərin həllinə səbəb olub. Bu baxımdan düşünürəm ki, dəmiryolu sisteminin müasirləşməsi, müvafiq strukturun yaradılması ilə bağlı vəsaitin artırılmasına ehtiyac var”.

“Şəhid ailələrinə və müharibə əlillərinə ölkəmiz tərəfindən diqqət göstərilir. Lakin onlara ehtiyaclarını ödəməsi üçün ayrılan məbəğ kifayət etmir. Bu baxımdan yeni büdcədə bu məsələyə diqqət edilməlidir. Bundan əlavə, növbəti ilin büdcəsində məşğulluğun təmin edilməsi ilə bağlı vəsaitələrə bir daha baxmağa dəyər”- deyə, M. Qasımlı əlavə edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə